AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin “Texnoparklarda innovativ məhsul/xidmət istehsalının çoxfaktorlu reqressiya modelinin qurulması” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi. Seminarı giriş sözü ilə açan şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev ölkədə innovativ iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, eləcə də yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasının zəruriliyindən danışdı. Bildirdi ki, texnoparklarda innovativ məhsul/xidmət istehsalının çoxfaktorlu korrelyasiya-reqressiya modelinin qurulması müasir dövr üçün ən zəruri və aktual məsələlərdən hesab olunur.
Sonra məruzəni təqdim edən şöbənin əməkdaşı Roza Şahverdiyeva texnoparkların effektiv fəaliyyətinin idarə olunmasının kompleks modelinin qurulması məsələsindən danışdı. Qeyd etdi ki, innovativ fəaliyyətin dəstəklənməsi sisteminin formalaşdırılması, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin yerinə yetirilməsi üçün əlverişli şəraitin yaradılması, innovasiya müəssisələrinə konsaltinq, mühəndis, texniki, texnoloji, informasiya və digər xidmətlərin göstərilməsi texnoparkın fəaliyyətinin idarə edilməsi sisteminin funksiyalarına daxildir.
Sonra o, texnoparkın idarə edilməsinin konseptual modelini təqdim etdi. İnnovasiya-layihələrinin seçimi, qiymətləndirilməsi və reallaşdırılması, innovasiya potensialının artırılması, dövlət və maliyyə strukturları ilə əlaqələndirmə, istehsal-elm-təhsil-biznes əlaqələrinin inteqrasiyası, sosial-iqtisadi məqsədlərin, vəzifələrin təşkili və s. haqqında məlumat verdi.
Texnoparkların yaradılması və idarə olunması problemlərinin aşkara çıxarılmasından danışan məruzəçi inkişaf strategiyasının işlənilməsi və müvafiq strukturlarla effektiv əlaqələrin qurulması, elm-təhsil-biznes əlaqələrinin inteqrasiyası üzrə fəaliyyətin təşkili, əlverişli innovasiya mühitinin formalaşdırılması, elmi-tədqiqat işlərinin nəticələrinin kommersiyalaşdırılmasının vacib olduğunu qeyd etdi.
O, texnoparkların fəaliyyətində innovasiya və elm tutumlu məhsul/xidmət istehsalının ekonometrik təhlilindən də söz açdı. Bildirdi ki, texnoparkların fəaliyyətini xarakterizə edən əhəmiyyətli amillərin üzə çıxardılması məqsədi ilə cüt korrelyasiya matrisi qurulmuş, texnoparkların fəaliyyətinin ilkin göstəriciləri əsasında onun ekonometrik modeli hazırlanmışdır.
R.Şahverdiyeva texnoparklarda innovativ məhsul/xidmət istehsalının idarə olunması üzrə işlənilmiş modellər və onların praktiki realizasiyası haqqında məlumat verdi. Qeyd etdi ki, 3 qrup göstəricilər (indekslər) üzrə ekspertlər tərəfindən qiymətləndirilmələr əsasında ekonometrik təhlillər aparılmışdır.
Məruzəçi, həmçinin elmi texnoparkın fəaliyyətinin reqressiya modeli üzrə dəyişənlərin statistik parametrləri və qrafik görüntüləri, elmi texnoparkın fəaliyyətinin qiymətləndirməsi üzrə ekonometrik modelin statistik parametrlərinin qiymətlərini təqdim etdi.
Sonda tədqiqatın nəticələrini diqqətə çatdıran R.Şahverdiyeva qurulmuş reqressiya modellərinin yüksək keyfiyyətə malik olduğunu, hesablanmış determinasiya əmsallarının yüksək qiymətlərinin bunu sübut etdiyini dedi. Bildirdi ki, çoxölçülü reqressiya təhlilindən istifadə etməklə müxtəlif profilli texnoparkların ümumi innovativ məhsulun/xidmətin həcminin proqnozunu vermək mümkündür.
Məruzə ətrafında fikir mübadiləsi aparıldıqdan sonra suallar cavablandırıldı, bir sıra təkliflər səsləndirildi. Elmi rəhbər, dosent Əlövsət Əliyev texnoparklarda innovativ məhsul/xidmət istehsalının çoxfaktorlu reqressiya modelinin qurulması ilə bağlı görülmüş işləri və əldə olunan nəticələri yüksək qiymətləndirdi, bu istiqamətdə araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.