“Google” şirkəti “ağıllı” kontakt linzaların inkişafı üzərində səylərini davam etdirir. newsru.com saytının məlumtına görə, şirkət iki patenti rəsmiləşdirib – burada xüsusi datçiklərlə təchiz olunmuş kontakt linzaların şəxsiyyətin identifikasiyası vasitəsi qismində tətbiqi təsvir edilib. Bunun üçün hər bir insan üçün unikal olan gözün qüzehli qişasının xüsusi əlamətlərindən istifadə ediləcək.
Sənədlərdə təsvir edilmiş qüzehli qişanın əlamətlərinin yaradılması prosesi 3 mərhələdən ibarət olacaq. İlkin mərhələdə işıq gözün qüzehli qişasına daxil olur, sonra kontakt linzanın səthi və ya daxilində yerləşdirilmiş işığa həssas sensorlar müəyyən şablonlu təsvir yaratmaqla əks olunan işığı qeyd edirlər. Üçüncü mərhələdə əldə olunmuş şablona əsaslanan identifikatorun verilməsi baş verir. Bu, identifikasiyanın sonrakı prosedurlarını asanlaşdırmalıdır.
Bildirilənə görə, bu cür linzalarda həcmli sensorlardan istifadə yalnız əsl gözdə identifikasiya aparmağa imkan verəcək, onun şüşədən olan surəti isə yoxlanışdan keçməyəcək.
Kontakt linzalar həmçinin identifikasiyanın yaxşılaşdırılması üçün digər biometrik informasiyanı da toplaya bilər. Bu, gözün ifraz etdiyi mayenin həcmi, qırpmanın tezliyi və digər məlumatlar ola bilər. Ehtimala görə, bu sistem smartfonların blokdan çıxarılması üçün məişətdə deyil, şəxsiyyətin təhlükəsizliyi və həqiqiliyinin vacib rol oynadığı sahələrdə tətbiq olunacaq.