“Google” yeni meqalayihəyə start verib

31 İyul 2014 - 11:30 | Texnoloji yeniliklər
“Google” yeni meqalayihəyə start verib

İnsanın sağlamlıq xəritəsi tərtib olunacaq

“Google X” elm bölməsi “Baseline Study” adlanan iri layihəyə start verib. Layihənin məqsədi insanın sağlamlıq xəritəsini tərtib etmək üçün genetik və molekulyar informasiyanın toplanmasıdır. 

newsru.com saytının məlumatına görə, tədqiqata molekulyar bioloq Endryu Konrad rəhərlik edir. O, SPİD üçün donor qanının plazmasının ucuz test edilməsi üçün irəli sürdüyü metod ilə məşhurdur. Alimin komandasına genetika, biokimya, molekulyar biologiya və digər sahələrdən olan 70-dən artıq mütəxəssis daxildir. 

Layihənin ilkin mərhələsində 125 nəfər iştirak edəcək. Lakin onların sayı könüllülərin hesabına bir neçə minədək arta da bilər. Tədqiqatçılar iştirakçıların xəstəlik tarixi haqda məlumat alacaq, həmçinin qan analizlərini aparacaq, maddələr mübadiləsinin sürətini öyrənəcək, fiziki gərginliyə dözümünü yoxlayacaq və DNT nümunələrini götürəcək. Bundan əlavə, iştirakçılara gün ərzində qanda şəkərin miqdarı, bədənin hərarəti və nəbzin tezliyinin öçülməsi üçün xüsusi qurğular da veriləcək. 

Nəticələr alimlərə müxtəlif xəstəliklərin inkişaf qanunauyğunluqlarının aşkar olunmasında, həmçinin bu xəstəliklərin ilkin mərhələlərdə müəyyən edilməsində kömək edəcək. Bundan əlavə, mütəxəssislər sağlam insanın orqanizminin necə olmalı olduğuna dair xəritə tərtib edə biləcəklər. 

“Baseline Study” şirkətin səhiyyə və tibbi xidmətlər sahəsində ən iri layihəsi olacaq. “Freedonia Group” tədqiqatçılarının proqnozlarına görə, bu sahənin dövriyyəsi 2017-ci ildə 10,8 trilyon dollara çatacaq.