Bu fikri AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev oktyabrın 3-də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilən AMEA Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin Elmi şurasının birgə iclasında çıxışı zamanı səsləndirib. Alim bu gun AMEA-da, eləcə də bütövlükdə Azərbaycan təhsilində prioritet istiqamətlərdə dünya elminin çağırışlarına cavab verən əhəmiyyətli meqalayihələrin həyata keçirildiyini bildirib.
AMEA-da son 5 ildə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində kompleks tədbirlərin görüldüyünü deyən akademik R.Əliquliyev bu qurumda innovativ elmi layihələrin həyata keçirilməsi üçün güclü platformanın yaradıldığını, superkompüterlərdən, qabaqcıl texnologiyalardan istifadə olunduğunu bildirib.
R.Əliquliyev AMEA-da fəaliyyət göstərən AzScienceNet elm kompüter şəbəkəsinin 2015-ci ildə Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasında (GEANT) milli operator statusunda üzvlüyə qəbul olunduğunu da nəzərə çatdırıb. Bildirib ki, rəhbərlik etdiyi İnformasiya Texnologiyaları İnstitutu GEANT ilə geniş əməkdaşlıq əlaqələri quraraq Şərq Tərəfdaşlığı ölkələrində elm və təhsil üçün elektron infrastrukturun yaradılması məqsədilə Avropa Birliyi tərəfindən maliyyələşdirilən və Pan Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası ilə birlikdə reallaşdırılan EaPConnect layihəsində Azərbaycan tərəfini təmsil edir: “Bu da o deməkdir ki, azərbaycanlı alimlər Avropa elminə inteqrasiya edə, inkişaf etmiş ölkələrin elm və təhsil müəssisələri ilə birgə tədqiqatlar apara bilərlər”.
AMEA-nın akademik-katibi Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmin edilməsinin vacibliyini qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.