İnformasiya iqtisadiyyatının formalaşmasına təsir edən amillərin çoxfaktorlu korelyasiya asılılığı araşdırılıb

01 Oktyabr 2018 - 11:32 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin “İnformasiya iqtisadiyyatının kompozit indeksi ilə onun formalaşmasına təsir edən amillərin çoxfaktorlu korelyasiya asılılığının araşdırılması” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi.

Şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev informasiya və bilik iqtisadiyyatı (İBİ) göstəriciləri və indeksləri, informasiya və bilik sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların hesabatlılıq xüsusiyyətləri, informasiya və bilik hesabına formalaşan ümumdaxili məhsulun (ÜDM) hesablanması və s. haqqında ətraflı məlumat verdi.

Məruzəçi yeni tipli iqtisadiyyatın komp­leks inkişaf səviyyəsinin qiymətləndirilməsində, elm, innovasiya və İKT-nin xüsusi rola malik olduğunu bildirdi. O, informasiya və bilik iqtisadiyyatını xarak­te­ri­zə edən iqtisadiyyat və texnoloji hazırlıq indeksi, rəqəmsal iqtisadiyyat və cəmiyyət indeksi, qlobal rəqabət qabiliyyətlilik və qlobal kreativlik indeksi, iqtisadi stimullaşdırma və institusional rejim indeksi və s. barədə danışdı, qlobal innovasiya indeksi üzrə ölkələrin reytinqini təqdim etdi.

Ə.Əliyev İBİ səviyyəsinin ölçülməsi metodikalarının mü­qa­­yisəli təhlilini apararaq bilik indeksinin tədqiqat, inkişaf və innovasiya, texniki peşə, təhsil və təlimat indeksi, ali təhsil altindeksinə malik olduğunu dedi, biliklər iqtisadiyyatının inkişafı üzrə ölkələrin reytinqini diqqətə çatdırdı. Həmçinin Azərbaycanda İBİ-nin formalaşması üzrə müxtəlif indekslərə görə reytinq cədvəlini təqdim etdi.

Məruzəçi yeni informasiya, bilik və texnoloji iqtisadiyyat sahələrindən danışdı. Bu sahələrə İKT iqtisadiyyatı, kosmik iqtisadiyyat, bioiqtisadiyyat, nanoiqtisadiyyat, dil iqtisadiyyatı, tibb iqtisadiyyatı, təhsil iqtisadiyyatı, elm iqtisadiyyatı, ekoloji (yaşıl) iqtisadiyyat, patent (lisenziya) iqtisadiyyatı və s. aid edildiyini nəzərə çatdırdı.

O, həmçinin informasiya və biliyin hesabına formalaşan ÜDM-in hesablanması üsulunu təqdim etdi, İBİ-nin kompozit indeksini formalaşdıran in­deks və subindekslərdən söz açdı. Qeyd etdi ki, İBİ-nin kompozit indekslərinə informasiya cəmiyyətinin formalaşması indeksi, elm və təhsilin inkişaf indeksi, Milli İnnovasiya Sisteminin formalaşması indeksi, texniki-texnoloji  və nəqliyyat infrastrukturu indeksi, makroiqtisadi sistemin və biznes mühitinin əlverişliyi indeksi, ictimai-siyasi və hüquqi mühitin stabilliyi və dinamikliyi indeksi və s. daxildir.

Məruzəçinin sözlərinə görə, kompozit indekslər cəmiyyətin, iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətlən­diril­mə­si, təhlili və müqayisəsi üçün faydalı instrumentariyadır. Kompozit indeks və indikatorlar çoxölçülü kriteriya əsasında ölçülən ayrı-ayrı göstəricilərin vahid indeksdə birləşməsindən yaranır, kompozit indeks İBİ-nin səmərəliliyini qiymətləndirməyə imkan verir.

Ə.Əliyev İBİ-nin kompozit indeksini formalaşdıran əsas indekslərin və indikatorların qarşılıqlı əlaqəsini göstərən cədvəli təqdim etdi və İBİ indekslərinin, indikator və göstəricilərinin müəyyənləşdirilməsinin ardıcıl formalaşdırılması mərhələlərini diqqətə çatdırdı.

Sonda  şöbə müdiri bildirdi ki, qeyd olunan indekslərin əksəriyyəti iqtisa­diy­yatın hərtərəfli qiymətləndirməsini tam həyata keçirə bilmir: “Bununla yanaşı, kompozit və digər kompleks xarakterli indekslər ölkələrin və onların iq­ti­sadiyyatının tam xarakteristikasını təhlil və təqdim etməyə imkan verən sınanmış və qəbul edilmiş vasitələrdən biridir”.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.