Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək

26 Sentyabr 2018 - 16:37 | Mühüm hadisələr
Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək

26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də dünyanın ən “ağıllı” robotu hesab olunan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq.

Nazirlikdən verilən məlumata görə, bu gün Heydər Əliyev Mərkəzində keçirilən mətbuat konfransında “İnnovasiyalar həftəsi” çərçivəsində keçiriləcək tədbirlər barədə ətraflı məlumat verilib.

Heydər Əliyev Mərkəzinin nümayəndəsi Orxan Həbibov bildirib ki, Mərkəz fəaliyyət göstərdiyi müddətdə digər sahələrlə yanaşı, informasiya texnologiyaları sahəsində də bir sıra layihələr həyata keçirib. Bu baxımdan Heydər Əliyev Mərkəzi ölkəmizdə ilk dəfə təşkil olunacaq beynəlxalq “İnnovasiyalar həftəsi”nin tərəfdaşları sırasında da yer alır. Qeyd olunub ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə həyata keçiriləcək layihə çərçivəsində gənclər yüksək texnologiyalar və innovasiyalar sahəsində ən son yeniliklərlə tanış olmaq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək imkanı əldə edəcəklər. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov məlumat verib ki, “İnnovasiyalar həftəsi” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Kiber İdman Federasiyası, “Keepface”, “Microsoft” və digər şirkətlərin dəstəyi ilə silsilə tədbirlər təşkil olunacaq.

O, həmçinin qeyd edib ki, “İnnovasiyalar həftəsi”ndə nazirliklə “Microsoft” şirkətinin təşkil etdiyi “dəyirmi masa”da investisiya mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, Azərbaycan Kiber İdman Federasiyası ilə birgə “Baku Open Cyber Cup” turniri keçiriləcək.

Qeyd olunub ki,  “İnnovasiyalar həftəsi” çərçivəsində Yüksək Texnologiyalar Parkı tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də bir sıra dövlət  qurumları üçün zəruri məsələlərin real zaman kəsiyində həlli yollarını təklif edən ideya yarışı (“Hackathon”) təşkil ediləcək. “Burada iştirakçılar qarşıya qoyulan problemin çevik və innovativ həlli yollarını təklif etməlidirlər. Qalib ideyalar tətbiq olunmaqla yanaşı, həm də mükafatlandırılacaq” - deyə R.Əzizov vurğulayıb.

Onun sözlərinə görə, “İnnovasiyalar həftəsi”ndə həm də “İdeyadan Biznesə”  layihəsi çərçivəsində keçirilən startap turlarının qaliblərinin yarışacağı böyük final təşkil ediləcək.

“Bundan başqa Yüksək Texnologiyalar Parkı ilə “AstroLabs” akselerasiya mərkəzi arasında yerli startaplar üçün xarici investisiyaların cəlb edilməsi üzrə memorandumun imzalanması da nəzərdə tutulub. Ümumiyyətlə, bu həftə ərzində tədbirlərin siyahısı genişlənə bilər. Fürsətdən istifadə edib sahəyə aidiyyəti olan dövlət qurumlarını, maraqlı tərəfləri “İnnovasiyalar həftəsi” çərçivəsində tədbirlər keçirməyə dəvət edirik” - deyə şöbə müdiri əlavə edib.