Bu il 13-20 iyul tarixlərdə Tayvanda (Çin) keçirilən XXVI Beynəlxalq İnformatika Olimpiadasında (International Olympiad in Informatics, IOI-2014) Çinin yığma komandası 2400 mümkün baldan 2135 bal toplamaqla (4 qızıl medal) birinci yerə layiq görülüb. II və III yerləri ABŞ (2090 bal, 4 qızıl medal), Avstraliya (1913 bal, 2 qızıl və 2 gümüş medal), IV yeri isə İran (2 qızıl, 2 gümüş) bölüşdürüb. IOI-2014-də V yeri 2 qızıl və 2 gümüş medal qazanmaqla Rusiya tutub.
ioi2014.snarknews.info-nun təqdim etdiyi yarışın nəticələrinə görə, turnirdə fərdi olaraq maksimal nəticəni Avstraliyadan olan təmsilçi İşraq Hud (Ishraq Huda), Skot Vu (Scott Wu, ABŞ) və Yinzhan Xu (Çin) göstərib. Onların hər biri 600 bal toplamaqla 1-3-cü yerləri bölüşdürüblər.
Bu ilki yarışda ölkəmizi təmsil edən komanda üzvlərindən Elgün Cəbrayılzadə 104 balla 227-ci, Tahir Əlizadə 84 balla 248-249-cu, Əliağa Şirinov 49 balla 281-282-ci və Fateh İbrahimli 41 balla 291-ci yerlərdə qərarlaşıblar.
Bilik yarışının təşkilatçıları Çinin Təhsil Nazirliyi, Elm və Texnologiyalar Nazirliyi, Tayvan Milli Ümumtəhsil Universiteti, sponsorları isə “Acer”, “Chungwa Telecom”, “Cisco”, “Intel”, “EasyCard” və “Schneider Electric” şirkətləri olub.
Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadası 2015-ci ildə Qazaxıstanda, 2016-cı ildə isə ilk dəfə olaraq Rusiyada keçiriləcək.