CİS texnologiyaları təhlükəli xəstəliklərə qalib gəlməyə kömək edəcək

21 İyul 2014 - 12:45 | Texnoloji yeniliklər
CİS texnologiyaları təhlükəli xəstəliklərə qalib gəlməyə kömək edəcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) coğrafi informasiya sistemi texnologiyaları vasitəsilə poliomielit xəstəliyinə birdəfəlik qalib gəlməyi planlaşdırır. Coğrafi informasiya sistemlərindən Yer kürəsində peyvənd edilməmiş insanları müəyyən etmək və 2018-ci ilədək bəşəriyyəti bu xəstəlikdən xilas etmək üçün istifadə olunacaq. 

Qeyd edək ki, poliomielit əsəb sistemini korlayan və bir anda ümumi iflicə səbəb olan virus xəstəliyidir. Bu xəstəliyə əsasən 5 yaşınadək uşaqlar düçar olur. 1950-ci illərdə vaksin kəşf edilməzdən əvvəl Rusiya və ABŞ kimi ölkələrdə hər il on milərlə uşaq poliomielitə yoluxub. Onların yarısı ömürlük şikəst qalıb, 10 faizi isə vəfat edib. 

ÜST-ün baş direktor köməkçisi Brüs Eylvardın bildirdiyinə görə, poliomielit üzərində qələbə üçün 5 yaşınadək bütün uşaqlar peyvənd edilməlidir. Lakin bunu etmək çox çətindir, çünki həmişə ucqar yerlərdə yaşayan və həkimlərlə əlaqə yaratmaqdan yayınan onlarla virus daşıyıcısı vardır. Bu səbəbdən ÜST peyvənd edilməmiş uşaqların axtarışı üçün peyk çəkilişinə və "ESRI” şirkətinin "ArcGIS" kimi coğrafi informasiya sistemlərindən istifadəni planlaşdırır. 

"10 il əvvəl biz Kambocada Mekonq çayı yaxınlığında yerləşən yaşayış yerlərini tapmaq üçün təyyarə icarə etmişdik. Hazırda isə bu üsuldan istifadə Hindistan kimi böyük ərazilər üçün əlverişli deyil", - B.Eylvard deyib. 

cnews.ru saytının məlumatına görə, coğrafi informasiya sistemlərindən peyvənd edilməmiş yaşayış yerlərinin müəyyənləşdirilməsi ilə yanaşı, gələcəkdə poliomielitin mümkün yayılmasının proqnozlaşdırılması üçün istifadə ediləcək. 

Bundan başqa, ÜST Nigeriyada peyvəndlərin monitorinqi üçün mobil rabitə şəbəkəsindən istifadə təcrübəsinin uğurla başa çatması barədə məlumat verib. Mobil rabitə operatorları ilə birlikdə ÜST mütəxəssisləri monitor ekranlarında vaksinasiyanı həyata keçirən həkim heyətinin hərəkət istiqamətini izləyiblər. Bu, səhlənkar işçilər tərəfindən peyvəndlərin yalnız kağız üzərində aparılması ilə bağlı fırıldaqçılıq və saxtalaşdırma hallarının sayının azalması məqsədilə edilib. 

ÜST nümayəndələrinin sözlərinə görə, peyvəndlərə inamsızlıq, mənfi təbliğat və vaksinlərlə gizli ticarət poliomielit üzərində tam qələbəyə mane olan səbəblərdir. Təşkilat nümayəndələri ümid edirlər ki, müasir coğrafi informasiya sistemləri bu problemlərin ən azı müəyyən qismini həll etməyə kömək edəcək.