Tibbi hazırlıq üçün simulyatorlar yaradan “Gaumard Scientific” şirkətinin istehsal etdiyi yeni robot həkim tələbələrə kiçik pasiyentlərlə işləməyi öyrədəcək. 5 yaşlı uşaq kimi görünən “HAL” adlı robot şıltaqlıq edə və suallara cavab verə bilir.
Simulyatorun köməyilə tələbələr diaqnostikanın keçirilməsi və təcili prosedurların icra edilməsi zamanı öz biliklərini təcrübədə tətbiq edə biləcəklər. Robota tibbi avadanlıq qoşmaq və hətta ürək ritminin bərpası üçün defibrilyator tətbiq etmək olar.
robo-hunter.com saytının məlumatına görə, süni intellektə malik robot real pasiyentə bənzəyir. Belə ki, “HAL” nəfəs alır, onun nəbzi atır, hətta robotdan qan almaq mümkündür. Onun ürəyi dayana bilər. Robot, həmçinin qanda şəkər, oksigen və karbon qazının səviyyəsini dəyişdirməyi bacarır.
İstehsalçılar qeyd edirlər ki, robot emosional və fiziki vəziyyətini özü nizama sala bilir. Məsələn, mexaniki pasiyent hirsli, həyəcanlı və s. ola bilər, onun “orqanizm”indəki ağrı isə daimi və ya müvəqqətidir.
“Bu təcrübə tələbələrə tibbi prosedurları real şərtlərdə və xəstə üçün heç bir risk yaratmadan həyata keçirməyə imkan verir, həmçinin kiçik pasiyentlərlə ünsiyyətdə təcrübə əldə etməyə və öz hərəkətlərində daha qətiyyətli olmağa kömək edir. Tələbələr texniki bacarıqları daha tez mənimsəyəcəklər və real həyata hazır olacaqlar”, – deyə ideya müəlliflərindən biri həkim Rakşay Şetti bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.