“Gartner”: “Təhlükəsizlik məsələləri üzrə mütəxəssislər rəqəmsal biznes inqilabına hazır olmalıdırlar”

18 İyul 2014 - 12:12 | Texnoloji yeniliklər
“Gartner”: “Təhlükəsizlik məsələləri üzrə mütəxəssislər rəqəmsal biznes inqilabına hazır olmalıdırlar”

“Kompüter təhlükəsizliyi üzrə mütəxəssislər yaxın gələcəkdə gözlənilən rəqəmsal biznes inqilabının əhəmiyyətini mümkün qədər tez dərk etməli və onların qarşısında duracaq vəzifələrin həllinə hazır olmalıdırlar”. Bu haqda “Gartner” tədqiqat şirkətinin analitiki “Gartner Security and Risk Management Summit” konfransında bildirib. 

Rəqəmsal biznes inqilabı təkcə İnternetə qoşulmuş qurğuların sayının artımından ibarət deyil. ”Открытые системы” jurnalının məlumatına görə, inqilabın mahiyyəti əşyaların İnterneti kimi qurğulardan toplanılmış və biznes məqsədləri üçün istifadə olunmuş informasiyanın sonrakı aqibətindədir. Şirkətin müəyyən etdiyinə görə, rəqəmsal biznes – virtual və fiziki dünya arasındakı sərhədlərin aradan götürülməsi sayəsində biznesin yeni sxemlərinin yaradılmasıdır. 

Misal üçün, yol qəzası baş verərkən sürücünün smartfonunun datçiki avtomobilin qəfildən dayanmasını qeydə ala və həmin dəqiqə də avtomobilin kompüterindən məlumat ala bilər. Qəza haqqında məlumat avtomatik olaraq sığorta şirkətinə göndəriləcək ki, burada kompüter onları jurnala daxil edəcək və maşını təmir etmək üçün yaxınlıqdakı emalatxananı tapacaq. Sərnişinlərin geyiminə həyat göstəricilərini izləyən, informasiyanı həkim və xilasedicilərə ötürən datçiklər tikilə bilər. Bütün bunlar isə rəqəmsal biznes texnologiyalarıdır ki, mütəxəssislər onların nəticəsini və tətbiqi riskini anlamalıdırlar.