Britaniyanın Lankaster Universitetinin mütəxəssisləri qurğunun mikrofonu və dinamiki vasitəsilə smartfonun qrafik şifrəsini oğurlamaq üsulunu tapıblar.
Eksperiment “Android” sisteminin idarəetməsi altında işləyən smartfonlar üzərində aparılıb. Belə cihazlarda identifikasiya üçün 3 sistemdən istifadə edilir: barmaq izi, şifrə və qrafik açar.
iz.ru saytının məlumatına görə, sonuncu üsul daha populyardır və ən təhlükəsiz metodlardan biri hesab edilir, çünki ekrandakı bütün nöqtələri birləşdirmək üçün təxminən 400 min üsul mövcuddur. Lakin alimlər bildiriblər ki, istifadəçilərin 20 faizi daha çox 12 ən geniş yayılmış kombinasiyadan istifadə edir.
Mütəxəssislər tərəfindən qurğuya müdaxilə üçün hazırlanmış “SonarSnoop” adlı xüsusi proqram məsafədən qrafik şifrəni öyrənməyə imkan verir. Bunun üçün sözügedən proqram oğru və “qurban”ın qurğusuna quraşdırılmalıdır.
“SonarSnoop” proqramı avtomatik olaraq dinamik və mikrofonu idarə etmək hüququ əldə edir və hər iki cihazı birləşdirir. Bundan sonra proqram dinamik vasitəsilə insan qulağı üçün əlçatmaz tezlikdə olan səs çıxarır və ətrafda olan əşyalardan əks olunan səsi analiz edir. Bununla yanaşı, proqram qrafik şifrənin daxil edilməsi zamanı dinamikin vəziyyətində qeydə alınmış kiçik dəyişiklikləri təhlil etmək qabiliyyətinə malikdir. Məhz bu dəyişikliklərin köməyilə barmağın displeydəki yeri təyin edilir.
Sınaqlar nəticəsində məlum olub ki, proqram qrafik açar variantlarının 70 faizini tapa bilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.