IBM smoqla mübarizə aparacaq

17 İyul 2014 - 15:36 | Texnoloji yeniliklər
IBM smoqla mübarizə aparacaq

Korporasiya problemin həlli üçün yeni layihəyə start verir 
IBM korporasiyası Çində yeni texnologiyaların köməyi ilə atmosferin proqnozlaşdırılması və keyfiyyətinin idarə olunmasına dair “Green Horizon” layihəsinə start verir. Layihə reallaşdırılandan sonra energetika və ətraf mühitin çirklənməsi problemlərinin öz həllini tapacağı gözlənilir. Korporasiya havanın çirklənmə səviyyəsinin azalmasına imkan verən tədbirlərin görülməsi üçün artıq Çin hakimiyyəti ilə razılıq əldə edib. 

21 milyon əhalisi ilə dünyanın ən iri şəhərlərindən olan Pekin havanın ən yüksək çirklənmə dərəcəsi ilə fərqlənir. Smoqun (tüstülü duman, havanın zərərli maddələrlə həddindən artıq çirklənməsi) yaranmasına səbəb isə paytaxtda hərəkət edən milyonlarla avtomobil, fəaliyyət göstərən zavodlar, elektrik stansiyaları, həmçinin qonşu şəhərlərdən daxil olan çirklənmələrdir. 

”Открытые системы” jurnalının məlumatına görə, IBM mütəxəssisləri kompüter modelləşdirməsinin köməyilə çirklənmənin bütün mənbələrini dəqiq müəyyən etmək niyyətindədirlər. 

Qeyd edək ki, Çinin hökumət agentlikləri paytaxt sakinlərini havanın çirklənmə dərəcəsi haqda mütəmadi olaraq məlumatlandırır. Lakin hava şəraitinin modelləşdirilməsi ilə 20 ildir ki, məşğul olan IBM daha effektivli sistem yaratmaq niyyətindədir ki, bu sistem şəhərin çirklənmə səviyyəsinə dair 3 günlük proqnoz verəcək və hətta çirklənmənin dəqiq mənbələrini və yerləşdiyi küçəni belə göstərə biləcək. 

“Yeni sistem sayəsində nə vaxt və hansı müəssisələrdə məhsulun buraxılmasını azaltmağın və avtomobil hərəkətini məhdudlaşdırmağın lazım olduğu məlum olacaq. Sadəcə olaraq proqnoz modelini hazırlamaq deyil, həm də insanlara baş verənlərə operativ reaksiya verməyə imkan verən qərarların qəbulu sistemini yaratmaq lazımdır” – deyə korporasiya səlahiyyətlisi Syaovey Şen bildirib.