AMEA-nın yeni seçilmiş üzvlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti

14 İyul 2014 - 16:00 | Mühüm hadisələr
AMEA-nın yeni seçilmiş üzvlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti

Möhtərəm cənab Prezident! 

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, son dövrlərdə Sizin tərəfinizdən böyük uğurla davam etdirilən sivil və demokratik dövlət quruculuğu siyasətinin nəticəsidir ki, müstəqil Azərbaycan davamlı iqtisadi artım və yüksək sosial rifaha nail olaraq sosial-iqtisadi və mədəni-mənəvi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş, regionun lider dövlətinə çevrilmişdir. Çox sevindirici haldır ki, milli sərvətimizin tərkib hissəsi olan elmi potensialın qorunması, inkişaf etdirilməsi həyata keçirilən bu siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bütün bunlar respublikamızın intellektual elitasının əsas qüvvəsi olan alimlərimiz tərəfindən olduqca yüksək dəyərləndirilir. 

Möhtərəm cənab Prezident! 

30 iyun 2014-cü il tarixində yalnız akademiyanın deyil, respublikanın elmi və ictimai həyatı üçün olduqca əlamətdar bir hadisə baş vermiş, AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər uğurla həyata keçirilmiş, vakant yerlərə 26 həqiqi və 50 müxbir üzv seçilmişdir. 

Dövlətin böyük diqqət və qayğısı sayəsində demokratik və şəffaf şəraitdə keçirilmiş seçkilərdə biz Azərbaycan alimləri Azərbaycan Milli Elmlər Akademiyasının üzvü kimi ali elmi rütbəyə layiq görülmüşük. 

Bütün bunlar, heç şübhəsiz, Sizin dəstəyiniz sayəsində müm¬kün olmuşdur. Buna görə də, biz, AMEA-nın yeni seçilmiş üzvləri Sizə dərin minnətdarlığımızı bildiririk! 

Möhtərəm cənab Prezident! 

Biz, AMEA-nın yeni seçilmiş üzvləri dərindən dərk edirik ki, bu şərəfli elmi rütbə indiki müasir şəraitdə, həm də Azərbaycan elminin tarixi taleyi qarşısında böyük məsuliyyətdir. Belə ki, Sizin müəyyənləşdirdiyiniz kimi, bu gün Azərbaycanın əsas strateji hədəfi intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulmasıdır. Biz anlayırıq ki, başlıca vəzifəmiz bu hədəfə doğru inamla addımlamaq, dövlətimizin əsas inkişaf strategiyasının reallaşmasına töhfələrimizi verməkdir. 

Sizin dəfələrlə vurğuladığınız kimi, Azərbaycan regionun iqtisadi və siyasi mərkəzi olmaqla bərabər, bölgənin elm mərkəzinə də çevrilməlidir. Sizin bu çağırışınızı fəaliyyətimizin strateji hədəfi kimi qəbul edir, onun gerçəkləşdirilməsi üçün üzərimizə düşən məsuliyyəti dərindən dərk edirik. 

Möhtərəm cənab Prezident! 

Azərbaycan elminin ölkənin sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisində yaxından iştirak edə bilməsi üçün mövcud elmi potensialın müasir tələblərə uyğun səfərbər edilməsi, optimal idarəetmənin həyata keçirilməsi zəruridir. Məhz buna görə də qarşımızda AMEA-nın fəaliyyətinin yeni əsaslar üzərində təşkili, elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi infrastrukturun yeni mexanizmlər əsasında müasirləşdirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasına nail olunması və s. kimi kompleks tədbirlər dayanır. 

Sizi əmin edirik ki, bu prosesin uğurlu və milli maraqlara uyğun həyata keçirilməsi üçün aparılan dövlət siyasətinə yaxından dəstək verəcək, bütün intellektual potensialımızı səfərbər edəcəyik. 

Möhtərəm cənab Prezident!

Bir daha Sizə dərin təşəkkürümüzü, hörmət və ehtiramımızı bildirir, doğma Azərbaycanımızı intellektin və mənəvi dəyərlərin işığında gələcəyə doğru aparmaq missiyanızın bundan sonra da müvəfəqiyyətlə reallaşmasını arzu edirik. 

Dərin hörmətlə, 
AMEA-nın yeni seçilmiş üzvləri