İyulun 11-də “Four Seasons” otelində AMEA-nın yeni seçilmiş həqiqi və müxbir üzvlərinə diplom və vəsiqələrin təqdimatı mərasimi keçirildi.
Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyev ideyalarını uğurla həyata keçirən ölkə Prezidenti İlham Əliyevin elmin inkişafına daim böyük önəm verdiyini vurğuladı, bu sahəyə göstərilən dövlət qayğısından söhbət açdı.
Bildirdi ki, ali elmi qurum olan və dövlətin elm siyasətini həyata keçirən AMEA-nın üzvü adını daşımaq Azərbaycan alimi üçün şərəfli olduğu qədər də, məsuliyyətli missiyadır. AMEA-nın üzvü seçilmək Azərbaycan elminin inkişafında xidmətləri olan, onu yeni biliklərlə zənginləşdirən alimlərin gərgin əməyinə verilən yüksək qiymət, eyni zamanda yeni vəzifələrlə bağlı öhdəliklərin qəbul edilməsidir.
Bu il iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağının yekunlarından danışan AMEA-nın prezidenti bildirdi ki, yığıncaqda yalnız Azərbaycan elminin inkişafı baxımından deyil, bütövlükdə respublikamızın ictimai-mədəni həyatı üçün də əhəmiyyətli olan bir sıra mühüm məsələlər müzakirə edilmişdir. Akademiyanın normativ hüquqi bazasının gücləndirilməsi, 2020-ci ilə qədərki inkişaf strategiyasının müəyyənləşdirilməsi və yeni strukturların yaradılması ilə bağlı qərarlar qəbul olunmuş, AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü elm siyasətinin uğurlu nəticələrindən bəhs edən akademik A. Əlizadə qeyd etdi ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapdığı kimi, hazırda dövlətimizin əsas strateji hədəfi intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulmasıdır.
Yüksəkixtisaslı kadr hazırlığı və alimlərin əməyinin stimullaşdırılması ilə bağlı istənilən təklifin ölkə rəhbərliyi tərəfindən böyük razılıqla qarşılandığını diqqətə çatdıran AMEA rəhbəri dövlət başçısına dərin minnətdarlığını bildirdi.
Akademik qeyd etdi ki, seçkilər istər hüquqi, istərsə də texniki baxımdan müasir tələblərə uyğun aparılmış, seçki prosesinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi və seçki komissiyalarının işinin təkmilləşdirilməsi üçün bir sıra innovativ tədbirlər görülmüşdür. Seçkilər nəticəsində 26 həqiqi üzv, 50 müxbir üzv seçilmişdir.
Müasir dünyada elmin mühüm rolunu xatırladan akademik A. Əlizadə AMEA-nın fəaliyyəti, beynəlxalq əlaqələri, qarşıda duran vəzifələrdən də bəhs etdi. AMEA-nın prezidenti, eyni zamanda, elmin inkişafı ilə bağlı fikirlərini söylədi, bu sahə ilə təhsilin inteqrasiyasının gücləndirilməsi, gənclərdə elmə marağın artırılması üçün bütün imkanlardan istifadə etməyin əhəmiyyətini vurğuladı.
Sonra AMEA-nın yeni seçilmiş üzvlərinə diplom, üzərində Nizami Gəncəvinin şəkli həkk olunmuş döş nişanı və vəsiqələr təqdim edildi.
Akademik A.Əlizadə yeni seçilmiş üzvlərin elmə öz töhfələrini verəcəklərinə əminliyini vurğuladı, onları təbrik etdi.
Daha sonra AMEA-nın yeni həqiqi və müxbir üzvləri adından ölkə Prezidentinə müraciət qəbul olundu.
Sonda tədbir iştirakçılarına AMEA prezidenti adından ziyafət verildi.