“CMR Surgical” şirkətinin mütəxəssisləri neyrocərrahların öyrədilməsi müddətini 80 sessiyadan yarım saata qədər azalda bilən “Versius” adlı tibbi robot yaradıblar.
robo-hunter.com saytının məumatına görə, neyrocərrahlar tez-tez təcrübədən keçirdikləri texnikanı “açar yeri cərrahiyyəsi” adlandırırlar, çünki bütün əməliyyat açar üçün kəsik ölçüsündə olan dəlik vasitəsilə aparılır. Bu texnikanın öyrənilməsinə çox vaxt (Məsələn, təcrübə keçən cərrahlara 60-80 saat) tələb olunur. Yeni robot bu vaxtı əhəmiyyətli dərəcədə azalda bilər.
Ən kiçik robot-cərrah olan “Versius” çiyin, dirsək və biləkləri olan 3 əldən ibarətdir. Avtomatlaşdırılmış əllər cərrahın nəzarəti altında qalxır, enir və ehtiyatla çevrilir. Robot histerektomiya, qulaq, burun və boğaz cərrahiyyəsi daxil olmaqla, “açar yeri”ndə əməliyyatların keçirilməsi üçün nəzərdə tutulub. Mütəxəssislər iddia edirlər ki, robotdan istifadə xərcləri adi əməliyyatlara nisbətən daha yüksək olmayacaq.
Həmçinin “Versius” neyrocərrahlara xroniki xəstəliklərin yaranmasına yol verməməyə kömək edəcək. İstehsalçıların sözlərinə görə, ən mürəkkəb manipulyasiyaları cərrahların əvəzinə robot icra edəcək.
“Versius”un kliniki istifadə üçün tətbiqinə razılıq verilərsə, robot artıq 2018-ci ildə Böyük Britaniyanın tibb müəssisələrində quraşdırılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.