“Əşyaların İnterneti” üçün standartlar hazırlanacaq

08 İyul 2014 - 11:30 | Texnoloji yeniliklər
“Əşyaların İnterneti” üçün standartlar hazırlanacaq

İT şirkətləri bu məqsədlə birlik yaradıblar 

“Intel”, “Samsung Electronics”, “Dell”, “Broadcom” və digər İT şirkətləri “Əşyaların İnterneti” (Internet of Things, IoT) üçün standartların hazırlanması məqsədi ilə “Open Interconnect Consortium” adlı qeyri-kommersiya birliyi yaradıblar.

Vahid standartlar müxtəlif istehsalçıların qurğuları arasında informasiya mübadiləsinə imkan verəcək ki, bu da “Əşyaların İnterneti” ideyasını daha səmərəli edəcək. therunet.com saytının bildirdiyinə görə, “Open Interconnect Consortium” fəaliyyətinə məişət və ofis texnikası sahəsində məhsulların hazırlanmasından başlayacaq. Birlik cari ilin üçüncü rübündə açıq proqram təminatı yaratmağı planlaşdırır.

“Əşyaların İnterneti” dedikdə İnternetə qoşulan və informasiyanı digər qurğulara və istifadəçilərə ötürə bilən texnika başa düşülür. Buna misal olaraq, sahibinə hansı məhsulların tezliklə xarab olacağı və qalan ərzaqlardan bişirilməsi mümkün olan yeməklər barədə məlumat verən soyuducunu, mənzildə temperaturu sakinlərin istəyinə uyğun tənzimləyən termostatı, elektrik enerjisi sərfiyyatına nəzarət edən lampanı qeyd etmək olar. 

Qeyd edək ki, 2014-cü ilin əvvəlində “Open Interconnect Consortium” birliyinin analoqu və “Linux”, “Qualcomm”, “LG”, “Sharp”, “Panasonic” və daha 50 şirkətin daxil olduğu “AllSeen Alliance” konsorsiumu təsis edilib. Konsorsiuma “Microsoft” korporasiyası da qoşulub. “AllSeen Alliance” “Qualcomm” şirkəti tərəfindən yaradılan “AllJoyn” açıq proqram təminatına malikdir.