Kosmetika sahəsində dünya lideri olan “L’Oréal” şirkəti Fransanın paytaxtı Paris şəhərində keçirilən “Viva Technology 2018” sərgisində “Yeni gözəllik təcrübəsi”ni nümayiş etdirib. Gözəllik və özünə qulluq sənayesində əlavə reallıq və süni intellektdən istifadəyə əsaslanan innovativ texnologiyaların tətbiqi sayəsində hər bir alıcının istəkləri nəzərə alınacaq.
robo-hunter.com saytının məlumatına görə, “L’Oréal” bu yaxınlarda “ModiFace” startapını – kosmetika sahəsində əlavə reallığa əsaslanan yeni texnologiyalar hazırlayan şirkəti satın alıb. Startap “Sephora” və “Estée Lauder” brendləri üçün mobil proqramları sayəsində məşhurlaşıb. “ModiFace” sistemindən istifadə ziyarətçilərə interaktiv rejimdə təcrübəli vizajistlərdən məsləhət almağa, virtual makiyaj etməyə və istənilən məhsulu onlayn almağa imkan verir.
Müştəri, həmçinin istədiyi makiyaj növünü öz sifətində “ağıllı” güzgünün köməyilə görə bilər. Bu, fərdi obrazın yaradılması və geyimin rənginə uyğun kosmetik vasitələrin seçimi zamanı faydalıdır.
Sərgidə saç rənginin seçimi üçün yeni texnologiya da təqdim olunub. Süni intellektin tətbiqi ilə 3D-modelin köməyilə müştəri öz saçında müxtəlif rəng çalarlarını yoxlayaraq, özünə yaraşan rəngi müəyyən etmək imkanı əldə edib.
Şirkət onlayn alış-verişdə də müəyyən dəyişikliklər edib. “L’Oréal” Çində “Men Expert” şirkəti ilə birgə müştəriləri virtual köməkçi ilə tanış edib. O, alıcı ilə ünsiyyət saxlayaraq, dəriyə qulluq vasitələrinin seçimində köməklik göstərə bilir. İnternetdə rahat alış-veriş üçün isə səslə idarə olunan güzgü təklif olunub. Texnologiyanın hazırlanması üçün “L’Oréal” Çinin ən böyük onlayn mağazası olan “Alibaba” ilə əməkdaşlıq edib.
“L’Oréal” şirkəti bir-birindən geri qalmayan və öz işində yeni texnologiyaları tətbiq edən müxtəlif kosmetik brendlərə malikdir. Məsələn, “SkinCeuticals” markası təcrübəli dermatoloqla məsləhətləşərək, dəriyə qulluq növünü seçmək istəyənlərə yeni məhsulunu təqdim edib. “Custom D.O.S.E” texnologiyası sayəsində müştərilər keyfiyyətli diaqnostikadan keçə və lazımi məhsulları seçə biləcəklər.
Saçlara qulluq problemi də diqqətdən kənarda qalmayıb: “Kérastase” brendi istifadəçilərə veb-kamera və smartfon üçün proqramdan istifadə etməklə, peşəkarlardan məsləhət almaq imkanı verir. Beləliklə, konsultantlar baş dərisi və saçların vəziyyətinə baxa və lazımi məhsulları tövsiyə edə biləcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.