Naxçıvan Dövlət Universitetində (NDU) keçirilmiş “Elektron Naxçıvan – 9: informasiya-kommunikasiya texnologiyaları və tədris” mövzusunda beynəlxalq simpozium çərçivəsində AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə NDU arasında videobağlantı quruldu.
Tədris-İnnovasiya Mərkəzinin (TİM) Distant Tədris Mərkəzində videokonfrans sistemi vasitəsilə baş tutan tədbiri giriş sözü ilə NDU-nun rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açdı. Bildirdi ki, son illərdə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsinin sürətli inkişafının nəticəsi olaraq bu gün respublikamızda, o cümlədən Naxçıvanda “E-Azərbaycan” Dövlət Proqramı çərçivəsində önəmli layihələr həyata keçirilir.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycanda informasiya cəmiyyətinin formalaşması, informasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət strategiyasının uğurlarından danışdı.
Akademik İsa Həbibbəyli bu sahədə elektron təhsilin, elektron imtahan bazasının yaradılması kimi qarşıda duran mühüm vəzifələrdən də danışdı. Qeyd etdi ki, Naxçıvanın elmi-tədqiqat və təhsil müəssisələrinin doktorant və dissertantlarına distant tədris sistemi vasitəsilə informatika fənninin tədrisi ilə bağlı müxtəlif kurs və treninqlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası (NMR) rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov çıxış edərək muxtar respublikanın bu gün Azərbaycanda informasiya cəmiyyətinin formalaşması istiqamətində aparıcı rola malik bir regiona, dinamik inkişafda olan virtual məkana çevrildiyini xüsusi vurğuladı. Qeyd etdi ki, Naxçıvanda təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələrə ən müasir texnologiyaların tətbiqi müvəffəqiyyətlə həyata keçirilir.
Konfrans çərçivəsində, həmçinin AMEA Ədəbiyyat İnstitutu, Cənubi Koreya Respublikasının Kiber Universiteti, Rusiya Uxta Dövlət Texniki Universiteti və İspaniyanın Malaqa Universiteti ilə videobağlantılar yaradıldı.
Cənubi Koreya Respublikasının Kiber Universitetinin professoru, LİX proqramının rəhbəri Skot Jeong, İspaniyanın Malaqa Universitetinin əməkdaşı, Erasmus Mundus layihələrinin koordinatoru Xuan Antonio Martin-Checa, Rusiya Federasiyasının Uxta Dövlət Texniki Universitetinin prorektoru Emin Yaqubov, beynəlxalq informasiya üzrə əməkdaşlıq və layihələr şöbəsinin müdiri Daniel Yuryev, İnformasiya hesablama Mərkəzinin direktoru Maksim Barabanov, ARRabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Zahid Mehdiyev, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev və digərləri çıxış edərək konfransın əhəmiyyətindən danışdılar. Elektron mühitdə elmi əməkdaşlıq əlaqələrinin inkişafı və elmin müxtəlif sahələrində, xüsusilə də humanitar sahədə informasiya texnologiyalarının tətbiqinin vacibliyindən söz açdılar, konfransın işinə uğurlar arzuladılar.
Qeyd edək ki, artıq 4 ildir ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən Naxçıvan Muxtar Respublikasının doktorant və dissertantlarına elektron tədris həyata keçirilir.