AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. İnstitutun böyük elmi işçisi Rəna Məlikova elektron təhsil sistemində Big Data texnologiyalarından istifadənin üstünlüklərindən danışdı. Bildirdi ki, bu texnologiya lazımlı informasiyanın şagirdlərə vaxtında çatdırılması, tədris prosesinin təkmilləşdirilməsi, “ağıllı tədris proqramı”nın hazırlanması, maarifləndirici prosesin fərdiləşdirilməsi, sosial şəbəkələrdən şagird haqqında informasiyanın əldə olunması, maarifləndirici prosesin daimi monitorinqinin aparılması və s. imkanlar təklif edir.
O, e-təhsildə Data Mining-dən istifadənin əsas məqsədi haqqında məlumat verdi, onun e-təhsildə tətbiqinə dair sxemi diqqətə çatdırdı.
Məruzəçi elektron maarifləndirici resursların təsnifatını təqdim edərək buraya maarifləndirici resursun mətninin təşkili, təqdim edilən informasiyanın xarakteri, ifadə forması və məqsədli təyinat üzrə təsnifatın aid edildiyini bildirdi.
R.Məlikova e-təhsildə reqressiya metodlarının tətbiqi məsələlərindən söz açaraq qeyd etdi ki, reqressiya məsələlərinin həlli tədris prosesində şagirdlərin davranışı və məhsuldarlığı, yekun imtahanların nəticələri, məzunun səlahiyyətlərinin səviyyəsi, əmək bazarında təlabat, işə düzəldikdən sonra əmək haqqının səviyyəsini öyrənməyə imkan verir.
O, həmçinin e-təhsildə klasterləşmə metodlarının tətbiqi, e-təhsil üçün sosial şəbəkələrdəki məlumatların analizi, e-təhsilin analizi üçün proqram əlavələri, eləcə də e-təhsildə şəbəkə qarşılıqlı təsirinin analizi üçün proqram əlavələri barədə ətraflı məlumat verdi.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.