Proqram mühəndisliyinin standartları və onların tətbiq sahələri araşdırılıb

31 May 2018 - 15:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. İnstitutun əməkdaşı Gülnar Əhmədova “Proqram mühəndisliyinin standartları və onların tətbiq sahələrinin təhlili” mövzusunda məruzəni təqdim etdi. O, proqram mühəndisliyinin (PM) standartları, PM üzrə standartları işləyən təşkilatlar, standartların profilləri, “SQuaRE” standartlar seriyası haqqında ətraflı məlumat verdi.

Bildirdi ki, PM-in standartları proqram təminatının (PT) keyfiyyətinin idarə edilməsində mühüm rol oynayır, məhsulun və ya prosesin lazımi atributlarını təyin edir. PM-in standartlarının tətbiqinin üstünlüklərindən danışan məruzəçi qeyd etdi ki, bu standartların tətbiqi keçmiş səhvlərin təkrarlanmasının qarşısını alır və layihənin davamlılığını təmin edir.

G.Əhmədovanın sözlərinə görə, PM-in müasir standartları əsasən biznes, sənaye, tibb, hərbi və dövlət sektorları, korporativ informasiya sistemlərinin sahibləri və istifadəçiləri, proqram sistemlərinin yaradılması üçün metod və vasitələri işləyən şəxslər, eləcə də təhsil müəssisələrinin tələblərinə cavab vermək üçün yaradılmışdır.

Məruzəçi PM-in standartlarının 4 qrupa bölündüyünü qeyd edərək bu standartların PM-in əsaslarının standartları, proqram sistemlərinin yaradılması üçün standartlar, proqram sistemi və proseslərin idarə edilməsi və qiymətləndirilməsi üçün standartlar və proqram sistemi, eləcə də proseslərin təsvir edilməsi üçün standartlardan ibarət olduğunu bildirdi.

“Proqram mühəndisliyi üzrə əsas standartlar Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (ISO) və Beynəlxalq Elektrotexnika Komissiyasının (IEC) birləşmiş birinci texniki komitəsinin 7-ci alt komitəsi və ISO-nun keyfiyyətin idarə olunması və təmin edilməsi üzrə 176-cı texniki komitəsi tərəfindən işlənilir”, – deyə bildirən G.Əhmədova bu komitənin standartlaşdırma sahəsində PM-in prosesləri, müəssisələrin arxitekturu, proqram mühəndisliyi üzrə biliklər toplusu və sertifikatlaşdırma istiqamətləri üzrə standartların işlənilməsini təmin etdiyini diqqətə çatdırdı.

O, həmçinin PM standartları ilə işləyən təşkilatlar, standartların profilləri barədə məlumat verdi, PM üzrə standartların klassifikasiyasını təqdim etdi.

Məruzəçi qeyd etdi ki, PT-nin keyfiyyətini daxili və xarici atributlarla xarakterizə etmək mümkündür: “Keyfiyyətin xarici xarakteristikaları PT-nin icrası zamanı qiymətləndirilə bilən, daxili xarakteristikaları isə PT-nin daxili xüsusiyyətlərinin yoxlanılması nəticəsində qiymətləndirilən atributlardır”.

G.Əhmədova ISO və IEC təşkilatları tərəfindən proqram məhsulunun keyfiyyətinə olan tələblər və onların qiymətləndirilməsi (Software Quality Requirements and Evaluation – SQuaRE) standartlar seriyasının işlənib hazırlanması üzərində işlərin aparıldığını bildirdi. O, SQuaRE-nin proqram məhsullarının keyfiyyətinin ölçülməsi və qiymətləndirilməsi üzrə təlimatların koordinasiyası, proqram məhsulunun keyfiyyətinə olan tələblərin spesifikasiyası üzrə təlimatların mövcudluğu və s. kimi üstünlüklərinin olduğunu söylədi.

“Bu gün telekommunikasiya və informasiya texnologiyaları sahəsində optimallıq, şəffaflıq, səmərəlilik və məqsədəuyğunluq prinsiplərinə əsaslanan standartların işlənib hazırlanması və inkişaf etdirilməsi zərurətə çevrilmişdir”, – deyə bildirən G.Əhmədova milli standartlar işlənərkən beynəlxalq standartlardan bir bünövrə kimi istifadə olunmasının vacib olduğunu bildirdi.

Məruzəçi Azərbaycanda İKT-nin inkişafına təkan vermək məqsədilə beynəlxalq tələb və tövsiyələrə uyğun milli standartların hazırlanması ilə bağlı işlərin Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi tərəfindən həyata keçirildiyini dedi, proqramlaşdırma üzrə mövcud beynəlxalq standartlara əsasən hazırlanmış Azərbaycan milli standartlarının siyahısını təqdim etdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.