SDN – şəbəkə administratorlarına yüksək səviyyəli funksionallıqlar vasitəsilə şəbəkələri idarə etməyə imkan verir. Ənənəvi şəbəkə arxitekturlarından fərqli olaraq, SDN şəbəkə idarəetmə modelini asanlaşdırır ki, bu da operatorların şəbəkəni daha rahat idarə etməsinə imkan verir. Mərkəzləşdirilmiş idarəetmə məntiqi qlobal şəbəkə görünüşünə malikdir və operator şəbəkə xidmətlərini optimallaşdırmaq yaxud şəbəkənin işini yaxşılaşdırmaq üçün kifayət qədər məlumat verə bilir.
Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin əməkdaşı Orxan Mənsimzadə şöbənin növbəti elmi seminarında çıxışı zamanı məlumat verib. “SDN texnologiyalarının təhlükəsizliyi problemləri” mövzusunda məruzəsini təqdim edən O.Mənsimzadə bu texnologiyanın arxitekturasından söz açıb, onun tətbiqi, idarəetmə və məlumatötürmə səviyyəsinin mövcud olduğunu qeyd edib.
Məruzəçinin sözlərinə görə, tətbiqi səviyyə şəbəkə operatorlarının müxtəlif tələblərinə sürətlə cavab verməyə imkan yaradır. İnnovativ tətbiqi proqram təminatı SDN idarəediciləri üzərində işləmək üçün qurulmuşdur və şəbəkə virtuallaşdırması, trafik monitorinqi, təhlükəsizliyin təkmilləşdirilməsi, yük balansı və s. kimi müxtəlif tələbləri yerinə yetirir.
Növbəti səviyyə ümumi SDN funksiyalarını idarə edən bir idarəedicidən ibarətdir. Bu səviyyə tətbiqi və məlumat ötürmə səviyyələri arasında vasitəçi rolunu oynayır. İdarəedici bütün trafik axınının idarə olunması üçün məsuliyyət daşıyır və proqramlaşdırma vasitəsilə marşrutlaşdırma, trafikin yönləndirilməsi, paketin göndərilməsi ilə bağlı qərar qəbul edir.
Məlumat ötürmə səviyyəsi isə şəbəkə elementlərindən və paket ötürülməsini təmin edən qurğulardan ibarətdir .
SDN-in təhlükəsizlik konsepti barədə məlumat verən məruzəçi şəbəkələrarası ekranın ən məşhur təhlükəsizlik mexanizmlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, şəbəkələrarası ekranlar şəbəkə trafikini izləmək və istifadəçilər yaxud şəbəkə administratorları tərəfindən müəyyən edilmiş hər hansı meyarlara əsasən onların keçidini yaxud müdaxiləsini təmin etmək üçün məsuliyyət daşıyırlar.
O.Mənsimzadə, həmçinin SDN-in perspektivləri və kontrollerləri haqqında ümumi məlumatları seminar iştirakçılarının diqqətinə çatdırıb.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Şöbənin rəhbəri, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov SDN texnologiyalarının təhlükəsizliyi ilə bağlı araşdırmaların dərinləşdirilməsini tövsiyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.