Yeni qurğu onlayn-mağazalardan istifadəni maksimum asanlaşdırmaq üçün nəzərdə tutulub
Dünyanın tanınmış Amazon onlayn-mağazasının rəhbəri Ceff Bezos smartfon istehsalçısı olan digər şirkətlərlə rəqabət aparmaq niyyətindədir. Şirkətin yeni "Firefly" adlı qurğusu Amazon vasitəsilə daha çox malların satışına yönəlmişdir.
"Əsas məqsəd Amazon xidmətinə trafiki cəlb etmək və onun gəlirlərini artırmaqdır"- "Creative Strategies" şirkətinin analitiki Ben Badcarin belə deyib.
"Computerworld" jurnalının məlumatında bildirilir ki, "Firefly" smartfonunun əsas xüsusiyyətlərindən biri onun şəkil, mətn və audio səsləri tanıma sisteminin olmasıdır. Ştrix-kodlardan başqa o, filmləri, teleserial və mahnıları müəyyənləşdirir və onları Amazon vasitəsilə tez bir zamanda almağa imkan verir.
Smartfonda hətta "impulsiv alış-veriş"i asanlaşdıran ayrıca bir düymə var. Əgər dükana daxil olarkən, oradakı hansısa ayaqqabı xoşunuza gəlirsə, siz Amazon vasitəsilə o məhsulu daha ucuz qiymətə və dərhal əldə edə biləcəksiniz.
"Fire-nin hazırlanması dünyada elektron kommersiya sahəsi üzrə yenilikdir" - Badcarin belə hesab edir: "Əgər Amazon hətta yarım milyon nümunəni sata bilsə, şirkət alıcı istəkləri barədə daha dəqiq məlumatlar əldə edəcək. Sonra isə bu məlumatlardan Amazon xidmətini mobil telefonlar və stolüstü kompüterlərdə təkmilləşdirmək üçün istifadə ediləcək ".