AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin “İnformasiya iqtisadiyyatı sektorlarının inkişafına IV sənaye inqilabı komponentlərinin təsirinin araşdırılması” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.
Məruzəni təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev cəmiyyətin və iqtisadiyyatın inkişafında sənaye inqilablarının mahiyyəti, IV sənaye inqilabı platformasının tərkib hissələləri, prinsip və əsas hədəfləri, iqtisadiyyatda yeni sənayeləşmə prosesinin rolu və əhəmiyyəti, əsas texnoloji innovasiyalar, IV sənaye inqilabının elmi-texnoloji yenilikləri, Azərbaycanda yeni sənaye siyasətinin xüsusiyyətləri, eləcə də ölkənin innovativ iqtisadi inkişafında IV sənaye inqilabının mümkün təzahürləri haqqında ətraflı məlumat verdi.
Bildirdi ki, müasir istehsalda mikro və makro səviyyələrdə texnoloji rəqabətdə üstünlük qazanmaq istəyən ölkələr innovativ iqtisadi tədqiqatlara geniş yer ayırır. Bu istiqamətlərdə dünyanın mötəbər elm və araşdırma dairələrində, həmçinin Dünya İqtisadi Forumunun son toplantılarında iqtisadiyyatda IV sənaye inqilabının təzahürləri, onun təsiri və nəticələri geniş təhlil edilir, müvafiq elmi-tədqiqat işləri aparılır.
“Sənaye 4.0.” (İndustry 4.0) termininin 2011-ci ildə Almaniyada meydana çıxdığını söyləyən şöbə müdiri bu terminin IV sənaye inqilabı kimi qəbul olunduğunu, sənaye istehsalının kompüterləşdirilməsi prosesinin təsviri üçün istifadə edildiyini diqqətə çatdırdı. Alim “Sənaye 4.0.”ın strukturunu təqdim edərək buraya müxtəlif robotlar, biotexnologiyalar, böyük həcmli verilənlər, nanotexnologiyalar, 3D çap texnologiyaları, süni intellekt, maşın təlimi, kibertəhlükəsizlik, Əşyaların İnterneti, əlavə reallıq sistemləri və s. daxil edildiyini qeyd etdi.
Ə.Əliyev IV Sənaye inqilabı çərçivəsində süni intellekt, özü idarə olunan avtomobillər, dronlar, implant tibbi texnologiyalar, gen mühəndisliyi, bio və nanotexnologiyalar, kök hüceyrələri, e-tibb, 3D-bio məhsulun çapı, blokçeyn texnologiyaları, elektron ticarət, ödəniş texnologiyaları, ekoloji texnologiyaların tətbiqinin daha da artdığını söylədi.
O, həmçinin IV sənaye inqilabının elmi-texnoloji yenilikləri və xüsusiyyətlərindən bəhs edərək bu inqilab çərçivəsində inkişaf etdirilən istiqamətləri və müxtəlif tətbiq sahələrində IV sənaye inqilabına əsaslanan əsas İnternet və informasiya texnologiyalarını təqdim etdi, ölkəmizdə yeni sənaye siyasətinin xüsusiyyətlərindən danışdı. Məruzəçinin sözlərinə görə, Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün ağır sənaye və maşınqayırma sahəsində yeni istehsalat obyektləri istismara verilmişdir. Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Alüminium Zavodu, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodları, Gəncədə kənd təsərrüfatı texnikası və avtomobil zavodları, Naxçıvan Avtomobil Zavodu, Sumqayıt Plastik Emal Zavodu, Mingəçevir Elektron Avadanlıqlar Zavodu, kimi müəssisələrin qurulması ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyətə malikdir.
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, ölkədə elmi araşdırmaların, texnika və texnologiyanın inkişafı üçün mühüm tədbirlərin görüldüyünü qeyd edən alim ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlara çoxlu sayda güzəştlərin təklif olunduğunu dedi.
Ə.Əliyev, həmçinin qeyd etdi ki, Azərbaycanda müştərilərin fərdi əmtəə, məhsul və xidmətlərə olan tələbatı 3D-çap, Əşyaların İnterneti, Cloud Computing, mobil xidmətlər, Big Data kimi müasir texnologiyalara əsaslanmaqla tamamilə yeni iqtisadi infrastruktur mühiti şəraitində və innovativ idarəetmə mexanizminin tətbiqiylə reallaşdırılır.
Sonda məruzəçi bildirdi ki, IV sənaye inqilabı qlobal iqtisadiyyat üçün böyük fayda gətirəcək və inkişafın yeni mərhələsi üçün əsas istiqamət olacaq. Yeni iqtisadiyyatın formalaşma mexanizmlərinin, onun əsas struktur vahidlərindən olan texnoparkların inkişaf etdirilməsi üzrə metod və vasitələrinin işlənilməsində IV sənaye inqilabının texnoloji xüsusiyyətlərini nəzərə almaq üçün müvafiq elmi-texniki, texnoloji tədqiqatlar aparılmalıdır.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.