“Elektron resursların işlənməsi” mövzusunda treninq-seminar keçirildi

25 İyun 2014 - 10:00 | Konfranslar, İclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron resursların işlənməsi” mövzusunda treninq-seminar keçirildi. 

Tədbirdə “Wiley-Blackwell” nəşriyyatının Türkiyə, Şimali Kipr, Azərbaycan və Özbəkistan üzrə meneceri Deniz Yılmazoğlu, nəşriyyatın “Makromolekulyar sürətli kommunikasiyalar” və “Makromolekulyar bioelm” jurnallarının redaktoru, kimya üzrə fəlsəfə doktoru Kirsten Severinq, Bakı Dövlət Universiteti nəzdindəki Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun respublika üzrə koordinatoru Cəmilə Yusifova iştirak edirdilər. 

Tədbiri giriş sözü ilə açan institutun baş mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov bildirdi ki, treninq-seminarın keçirilməsində məqsəd beynəlxalq jurnallarda məqalələrin çap olunması və “Wiley-Blackwell” beynəlxalq nəşriyyatından istifadə qaydaları haqqında iştirakçıları tanış etməkdir. 

Nəşriyyat haqqında məlumat verən D.Yılmazoğlu nəşriyyatın hazırda 37 ölkədə nümayəndəliyinin fəaliyyət göstərdiyini və 1550-dən çox jurnalın dərc olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, 2010-ci ildə fəaliyyətə başlayan “Wiley Online Library” dünyanın ən çox istifadə olunan İnternet-kitabxanalarından biridir. Azərbaycan alimlərinin beynəlxalq jurnallarda dərc olunan məqalələri üzrə apardıqları araşdırmaları da diqqətə çatdıran D.Yılmazoğlu məqalələrin əsasən “Springer”, “Elsevier” və “Wiley-Blackwell”də nəşr olunduğunu bildirdi. Beynəlxalq jurnallarda dərc olunan məqalələrin sayına görə ilk sırada Azərbaycan Milli Elmlər Akademiyasının olduğunu vurğuladı. 

K.Severinq “Beynəlxalq jurnallarda yüksək səviyyəli məqalələrin yazılması” mövzusunda təqdimatla çıxış etdi. K.Severinq məqalələrin beynəlxalq jurnallarda nəşr olunması, xülasələrin düzgün hazırlanması, müəlliflər üçün xidmət və məqalələrə qoyulan tələblər, əlyazma meyarları, rəy prosesi, impakt faktorun hesablanma qaydası və s. haqqında ətraflı məlumat verdi. 

Sonda mövzu ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.