AMEA-da superkompüter texnologiyalarından istifadə olunur

24 Aprel 2018 - 17:00 | Mühüm hadisələr
AMEA-da superkompüter texnologiyalarından istifadə olunur

AMEA Fizika İnstitutunun “Milli GRİD” İnformasiya Hesablama Kompleksinin imkanlarından səmərəli istifadə edilməsi, onların informasiya və hesablama mərkəzlərinin infrastrukturuna daxil olan klasterlərin, məlumatların yaddaş sistemlərinin həcminin artırılması, bütün texniki şərtlərin müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlərə start verilmişdir.

Bu tədbirlər çərçivəsində artıq “Milli GRİD” İnformasiya Hesablama Kompleksi GEANT şəbəkəsinə inteqrasiya olunmuş, mərkəzin istifadəsinə 8 ədəd yüksək göstəricili server verilmişdir. Ümumilikdə, 160 hesablama nüvəsi, 640 GB əməli və 7.2 TB sərt yaddaşdan ibarət olan bu seqment Fizika İnstitutunun əməkdaşlarının CERN-lə həm birbaşa, həm də Rusiyanın Beynəlxalq elmi mərkəzi olan Birləşmiş Nüvə Tədqiqatları İnstitutu vasitəsilə birgə elmi-tədqiqat işləri aparmasına imkan verəcək.  

GRİD texnologiyaları sahəsində proqramın həyata keçirilməsi zamanı AMEA Fizika İnstitutunun AZ-IFAN GRİD saytı və AMEA İnformasiya Texnologiyaları İnstitutunda II GRİD İnformasiya Hesablama Kompleksinin yaradılması, bu iki GRİD infrastrukturunun fiziki və riyazi modelləşdirilməsi üçün istifadəyə verilməsi nəzərdə tutulur. Bu GRİD infrastrukturları Azərbaycan alimlərinə xarici GRİD seqmentlərinin hesablama resurslarından istifadə, böyük həcmli yaddaş sistemlərinə giriş və dünyanın müxtəlif mərkəzlərində yaradılmış proqram təminatından yararlanmağa imkan verəcək.

Tətbiqi hesablama işlərinin aparılması – proqramın həyata keçirilməsi zamanı AMEA-nın müxtəlif institutlarından olan əməkdaşların AMEA Fizika İnstitutunun “Milli GRİD” İnformasiya Hesablama Kompleksi və AMEA İnformasiya Texnologiyaları İnstitutunda yaradılacaq II GRİD İnformasiya Hesablama Kompleksində müxtəlif mürəkkəb hesablamalar aparmağa imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.