Proqram mühəndisliyində insan amili məsələləri araşdırılıb

19 Aprel 2018 - 12:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbəsinin “Proqram mühəndisliyinə konseptual baxış: insan amili” mövzusunda növbəti elmi seminarı keçirildi. Məruzəni təqdim edən institutun baş mütəxəssisi Tamilla Bayramova proqram mühəndisliyində komandanın idarə edilmə, təşkil edilmə və rol modelləri, komandada ünsiyyət, proqram layihəsinin idarə olunması üzrə sertifikatlar və s. haqqında ətraflı məlumat verdi.

“Proqram mühəndisliyinin (PM) məqsədi verilən büdcə, zaman, insan resursları və texniki vasitələrlə keyfiyyətli proqram sistemlərinin yaradılmasıdır”, – deyə bildirən məruzəçi qeyd etdi ki, bu kimi sistemlərin işlənilməsi zamanı müxtəlif ixtisaslı peşəkar və intizamlı komandanın olması vacib şərtlərdəndir.

Komandanın idarə edilməsinin rol, təşkil edilmə modelləri və ünsiyyət kimi əsas prinsiplərinin mövcud olduğunu söyləyən T.Bayramova proqram təminatı (PT) işlənərkən kollektivin təşkil edilməsi üçün düzgün modelin seçilməsinin aktual məsələlərdən olduğunu vurğuladı.

T.Bayramovanın sözlərinə görə, uğurlu komandanın yaradılmasında əsas problemlərdən biri də insanlar arasında olan əlaqələrin düzgün qurulmasıdır. Komanda üzvlərinin sayı artdıqca onlar arasında mümkün ola biləcək əlaqələrin sayı da artır. 

O, həmçinin komandanın təşkil edilməsinin təşkilati (X-nəzəriyyəsi), açıq arxitektur (Z-nəzəriyyəsi), xaos (Y-nəzəriyyəsi), prinsiplərə əsaslanan rəhbərlik və s. modelləri barədə məlumat verdi, bu modellərin xarakterik cəhətləri, üstünlükləri və çatışmazlıqlarından danışdı.

T.Bayramova qeyd etdi ki, PT-nin işlənilməsi zamanı risk yaradan qrupa insanlarla işin təşkili də aiddir. Əksər hallarda mümkün ola biləcək risklərin azaldılması üçün avtomatlaşdırılmış proseslər həyata keçirilir, yeni iş texnikası və metodları tətbiqi edilir və bu zaman insan amili nəzərə alınmır. Lakin kollektivdə rahat psixoloji atmosferin formalaşdırılması mümkün ola biləcək risklərin qarşısını almaqla yanaşı, İT-şirkətin məhsuldarlığını nəzərə çarpacaq dərəcədə yüksəldir: “Məhz bu səbəbdən layihə rəhbərləri peşəkar və sertifikatlaşdırılmış mütəxəssislərdən ibarət olmalıdır”.

“Layihələrin idarə olunması üzrə mütəxəssislərə beynəlxalq sertifikat verilərkən peşəkar bilikləri, təcrübə və vərdişləri, etik kodeksə müvafiq fəaliyyəti kimi amillər nəzərə alınır”, – deyən T.Bayramova bildirdi ki,  mütəxəssis sertifikat almaqla onun layihələrin idarə edilməsi sahəsində təcrübə və peşəkarlığı nüfuzlu orqan tərəfindən təsdiq edilir, iş həyatında və peşəkar reytinqində yüksəliş, peşəkarlığının beynəlxalq səviyyədə tanınması kimi üstünlüklər əldə edir. Şirkətlər sertifikatlı layihə rəhbərlərinin xidmətindən istifadə etdikdə layihələrin idarə olunması sahəsində peşəkar mütəxəssislərə olan tələbatı ödənir, məhsuldarlığı, reytinqi və rəqabətədavamlılığı artır.

Məruzəçi Layihələrin İdarəolunması üzrə Beynəlxalq Assosiasiyanın standartları üzrə sertifikatlaşdırma və ABŞ-ın Layihələrin İdarəolunması İnstitutunun standartları üzrə sertifikatlaşdırma proqramlarından da söz açdı, PM-in Etika Kodeksi barədə danışdı. Bildirdi ki,  PM-in cəmiyyət, sifarişçi, rəhbərlik və əməkdaşlarla münasibətlərini nizamlamaq məqsədilə 1997-ci ildə Hesablama Texnikası Assosiasiyası (ACM) və Elektrotexnika və Elektronika üzrə Mühəndislər İnstitutu tərəfindən (IEEE) Proqram Mühəndislərinin Etika Kodeksi  işlənilmişdir. Səkkiz prinsipdən ibarət kodeks peşəkar mühəndis-proqramçılar, menecerlər, müəllimlər, layihə rəhbərləri, eyni zamanada PM sahəsində təcrübə keçənlər və tələbələr üçün nəzərdə tutulmuşdur.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.