Hesablama sistemləri sahəsində tanınmış amerikalı alim Vinton Qrey Serf 1943-cü il iyunun 23-də Amerikanın Nyu-Heyven şəhərində anadan olub.
Serf orta məktəbi Los-Ancelesde başa vurduqdan sonra Stenford universitetinə daxil olmuş və 1965-ci ildə burada riyaziyyat üzrə bakalavr dərəcəsini almışdır. Bundan sonra "IBM" şirkətində təcrübi fəaliyyətə başlamış, "QUIKTRAN" proqramlaşdırma dilinin hazırlanmasında iştirak etmişdir. 2 il sonra isə şirkəti tərk edərək Kaliforniya universitetinə daxil olmuşdur. O, 1970-ci ildə bu ali məktəbdə informatika üzrə magistr, 1972-ci ildə isə fəlsəfə doktoru adını almışdır. Sonra isə 4 il Stenford universitetinin dosenti kimi fəaliyyət göstərmişdir.
Qeyd edək ki, Serf "əfsanəvi" TCC/IP protokolunun yaradıcılarından biridir. 2004-cü ildə məşhur "Türinq" mükafatına layiq görülmüş alim həm də bütün dünyada "İnternetin atası" kimi tanınır. Hazırda o, ACM-in (Association for Computing Machinery - Hesablama Texnikası Assosiasiyası) prezidenti vəzifəsini icra edir.