Mingəçevirdə “Azərbaycanda İnternetin bu günü və sabahı” mövzusunda konfrans keçirilib

18 İyun 2014 - 15:00 | Konfranslar, İclaslar
Mingəçevirdə “Azərbaycanda İnternetin bu günü və sabahı” mövzusunda konfrans keçirilib

Mingəçevir şəhərində Milli Qurtuluş günü münasibətilə “Aztelekom” İstehsalat Birliyinin təşkilatçılığı ilə “Azərbaycanda İnternetin bu günü və sabahı” mövzusunda konfrans keçirilib. Tədbirdə Prezident Adminstrasiyası, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələri, Milli Məclisin deputatları, yerli idarəetmə orqanları, qeyri-hökumət təşkilatları, regionda fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin, İKT sahəsində ixtisaslaşmış regional müəssisə və təşkilatların, həmçinin özəl İnternet provayderlərin nümayəndələri iştirak ediblər. 

“Aztelekom” İB-nin baş direktoru Məhəmməd Məmmədov konfransda giriş sözü ilə çıxış edərək, tədbirin Qurtuluş günü münasibətilə keçirilməsinin təsadüf olmadığını bildirib. Ümummilli lider Heydər Əliyevin digər sahələrlə yanaşı, İKT-nin inkişafını da diqqət mərkəzində saxladığını və bu sahədəki uğurlarıın onun adı ilə bağlı olduğunu bildirən natiq hazırda Azərbaycanın MDB ölkələri arasında İnternet istifadəçilərinin sayına görə lider olduğunu vurğulayıb. 

Konfransda həmçinin millət vəkilləri Aydın Mirzəzadə və Tahir Rzayev, Prezident Administrasiyasının Gənclərlə iş şöbəsinin müdiri Vüsal Quliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanlı çıxış ediblər. 

Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunu təmsil edən sektor müdiri Rasim Mahmudov “Azərbaycanda İnternetin inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Natiq “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində ölkəmizdə genişzolaqlı İnternetin inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan əsas tədbirlər haqqında danışıb. Bildirib ki, Milli Strategiyanın həyata keçirilməsi nəticəsində ölkənin istənilən nöqtəsində vətəndaşların, dövlət idarələrinin, təhsil, səhiyə müəssisələrinin, biznes qurumlarının yüksəksürətli, ucuz və təhlükəsiz İnternetə çıxışı təmin ediləcək. Həmçinin əhalinin aztəminatlı təbəqələri üçün İnternetə pulsuz çıxış imkanları yaradılacaq, vətəndaşların İnternetdən səmərəli istifadə etməsi üçün bilik və bacarıqların aşılanması istiqamətində tədbirlər görüləcək. 

R.Mahmudov qeyd edib ki, Azərbaycanda genişzolaqlı İnternetin inkişafı ölkəmizdə informasiya cəmiyyəti quruculuğunun yeni keyfiyyət mərhələsinə qədəm qoymasına, eyni zamanda, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə təkan verəcək. Natiq həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun ölkəmizdə İnternetin və bütövlükdə, informasiya cəmiyyətinin inkişafına verdiyi elmi dəstək haqqında məlumat verib.