Adi eynəklərdən fərqlənməyən “ağıllı” qurğu

07 Fevral 2018 - 12:34 | Texnoloji yeniliklər
Adi eynəklərdən fərqlənməyən “ağıllı” qurğu

“Intel” şirkətinin təqdim etdiyi Vaunt “ağıllı” eynəyi ekranı birbaşa sağ gözün torlu qişasına proyeksiya edir. Yüksək texnologiyalı qurğu zahirən insanların gündəlik istifadə etdiyi eynəklərdən fərqlənmir.

Eynəkdə kamera, LCD ekran, Google Glass-da olduğu kimi qəribə şüşə prizma, hətta dinamik və ya mikrofon yoxdur. Korpusda çoxlu düymələrə də rast gələ bilməzsiniz. Bu, insanların gündəlik həyatında istifadə etməyə öyrəşdiyi tamamilə adi əşya kimi görünür. Normal eynəkdən yeganə fərqi isə Vaunt-un ekranın təsvirini birbaşa torlu qişaya proyeksiya etməsidir.

İstifadəçiləri yeni ekranların onların həyatını dəyişdirmək imkanına malik olduqlarına inandırmaq əvəzinə, şirkətin dizayner və mühəndisləri bu qurğunu insanların həyat tərzinə maksimal şəkildə uyğunlaşdırmağa çalışırlar.

hi-news.ru saytının məlumatına görə, eynək kiçik ekranı insanın sağ gözünə proyeksiya edir. Bu zaman prototip hərf, simvol və təsvirlərin yalnız qırmızı rəngini dəstəkləyir. Ekranda hər hansı bir mühüm məlumat, məsələn smartfondan gələn bildirişi görmək mümkündür. Bildirişi başı yavaşca yana əyməklə söndürmək olar.

“Vertical-Cavity Surface-Emitting Laser” texnologiyasına əsaslanan lazer proyektoru öncə təsviri linzada şəffaf əks etdirən güzgüyə proyeksiya edir, sonra isə gözə proyeksiya edilir. Mütəxəssislər bildiriblər ki, bu lazer insan sağlamlığı üçün tamamilə təhlükəsizdir. Hər bir istifadəçi öz zövqünə uyğun eynəyi əldə edə biləcək: qurğu bir neçə varinatda olan çərçivələrdə əlçatan olacaq.

“Ağıllı” eynəklər həm Android, həm də iOS qurğularında işləyəcək. Həmçinin bu əməliyyat sistemləri üçün rəsmi əlavələr və şəxsi səs köməkçisi buraxılacaq. Qurğunun dəyəri və nə zaman satışa çıxarılacağı hələ ki, bəlli deyil.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.