AR Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov AMEA Rəyasət Heyətinin iclasında “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”dan irəli gələn vəzifələr haqqında məruzə ilə çıxış edib. Nazir ölkədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan informasiya cəmiyyəti quruculuğu prosesinin onun siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Ə.Abbasov Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Milli Strategiyanın informasiya cəmiyyəti quruculuğu istiqamətində əldə olunmuş uğurları davam etdirmək, növbəti inkişaf mərhələsinə keçid məqsədlərinə xidmət etdiyini söyləyib.
Nazir artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramı” layihəsinin hazırlandığını və müzakirə üçün aidiyyatı dövlət qurumlarına təqdim edildiyini bildirib. Akademik Milli Strategiya və onun həyata keçirilməsinə dair Dövlət Proqramı layihəsində Azərbaycan elmi qarşısında da mühüm vəzifələrin qoyulduğunu qeyd edib: “Belə ki, Milli Strategiyanın əsas istiqamətləri sırasında yüksək texnologiyalar sektorunun inkişafı, yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi, e-hökumət, e-təhsil, e-səhiyə və e-vətəndaşın inkişafı, kadr hazırlığı, informasiya təhlükəsizliyinin təmini, milli kontentin inkişaf etdirilməsi kimi elmtutumlu məsələlər öz əksini tapmışdır. Göstərilən istiqamətlərdə fəaliyyətin uğurla həyata keçirilməsi, bötüvlükdə ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması üçün elmi dəstəyin göstərilməsi vacibdir”.
Qeyd edək ki, Milli Strategiyanın həyata keçirilməsinə dair Dövlət Proqramı layihəsinin Tədbirlər Planında öz əksini tapan 82 tədbirdən 27-də AMEA-nın icraçı qurum kimi iştirakı nəzərdə tutulub.
Çıxışının sonunda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafının öz əksini tapdığını vurğulayan alim Azərbaycanın inkişaf etməkdə olan ölkələr sırasında yer alaraq regionun liderinə çevrildiyini bildirib. O, informasiya cəmiyyətinin inkişafında yüksək texnologiyaların – nano- və kvant texnologiyalarının geniş tətbiqi, bilik potensialının gücləndirilməsinin vacib şərtlərdən olduğunu bildirib. Akademik Ə.Abbasovun məruzəsi ətrafında aparılan müzakirələr zamanı müxtəlif fikirlər səsləndirilib, tövsiyələr nəzərə alınıb və sözügedən dövlət proqramının layihəsi dəstəklənib.