Smartfonlar qidada olan bakteriyaları aşkar edəcək

26 Yanvar 2018 - 09:50 | Texnoloji yeniliklər
Smartfonlar qidada olan bakteriyaları aşkar edəcək

ABŞ-ın Massaçusets Universitetində qida məhsulları ilə məşğul olan tədqiqatçılar tərkibinə bakteriyaları cəlb edən 3-MBPA adlı xüsusi molekul daxil edilmiş çip hazırlayıblar. Smartfonla əlaqələndirilmiş çip qidada olan zərərli bakteriyalar haqqında xəbərdarlıq edəcək.

naked-science.ru saytının məlumatına görə, çip qida nümunəsinə salınır. Sonra yüksək turşuluğa malik xüsusi maye ilə yuyulur. Bu proses qidadan şəkər, piy və zülalları yumağa imkan verir, lakin bakteriyalar olduğu kimi qalır. Daha sonra çip smartfonla birgə işləyən sadə işıq mikroskopuna yerləşdirilir. Telefona yüklənmiş xüsusi proqram çipdə olan bakteriyaların miqdarını hesablayır. Sistem məhlulun hər millilitrində cəmi 100 bakterial hüceyrəni aşkar edə bilir.

Qidanın yoxlanılmasının nəticələri cəmi 2 saat sonra hazır olur. Qida nümunələrindən bakteriyaların becərilməsi metoduna isə 2 gün sərf olunur. Bakteriyaların aşkar edilməsinin daha sürətli üsulları olsa da, istehsalçılar yeni sistemin bütün metodlardan daha dəqiq və etibarlı olduğunu iddia edirlər.

Tədqiqatçılar ümid edirlər ki, texnologiya əlçatan olduqda ondan yalnız aşbazlar deyil, təbii fəlakətlər zamanı su və qida məhsullarında bakteriyaların olub-olmamasını yoxlayan humanitar təşkilat işçiləri də istifadə edə biləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.