Blokçeyn texnologiyalarına həsr olunmuş elmi seminar keçirildi

19 Yanvar 2018 - 16:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

İnstitutun magistrantı Elşən Bağırov tranzaksiyaların paylanmış açıq reyestrlərinin etibarlı təşkilinə ən perspektivli yanaşmalardan biri olan blokçeyn texnologiyası haqqında geniş məlumat verdi. O, blokçeyn texnologiyaları, istifadə olunan infrastruktur və baza protokolları, konsensus modelləri, servislər, proqram təminatı, tətbiqlər və biznes həllər barədə məlumatları diqqətə çatdırdı.

Blokçeyn texnologiyasının vaxta qənaət, izafi xərclərin minimuma endirilməsi, risklərin azaldılması və etibarlılığın artırılması kimi üstünlüklər vəd etdiyini söyləyən məruzəçi blokçeyn texnologiyasının ilk tətbiqi olan bitkoin kriptovalyutası və mövcud problemlərdən də söz açdı. Blokçeynin tranzaksiyaların yoxlanması və təhlükəsizliyi üçün etibarlı üçüncü tərəfin tələb edildiyi əksər sahələrdə tətbiq tapa biləcəyini qeyd edən məruzəçi, bu texnologiyanın geniş tətbiqi üçün bir sıra texnoloji və hüquqi problemlərin, o cümlədən miqyaslanma, idarəetmə və tənzimləmə probleminin həllinin vacib olduğunu vurğuladı.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Magistrantın elmi rəhbəri, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev bu texnologiyanın gələcək tədqiqi üzrə bir sıra təklif və tövsiyələrini səsləndirdi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.