Həkimlərə ürək və ağ ciyər xəstəliklərinin diaqnostikasında kömək etmək üçün nəzərdə tutulmuş ilk süni intellekt alqoritmləri Böyük Britaniyanın dövlət xəstəxanalarında artıq 2018-ci il yay aylarında fəaliyyət göstərməyə başlayacaq. Hər bir pasiyent süni intellektin xidmətlərindən ödənişsiz istifadə edə biləcək.
Səhiyyə sahəsi üzrə ekspertlər əmindirlər ki, xəstəliklərin diaqnostikası məqsədilə süni intellektin tətbiqi hər il milyard funta qədər qənaət etməyə kömək etməklə bərabər, xəstəliklərin diaqnostikası prosesini də sürətləndirəcək. Belə ki, alqoritmlər istirahət günləri tələb etmədən fasiləsiz olaraq şəkillər üzərində işləyəcək. Tibbi personal isə müəyyən müddətdən sonra yorulur, həmçinin onların məhsuldarlığı bununla aşağı düşür.
nanonewsnet.ru saytının məlumatına görə, ağ ciyər xərçəngini aşkar etmək və ürək-damar xəstəliklərinin diaqnozunu qoymaq imkanına malik süni intellekt əsaslı sistemlər Con Redklif adına hospitalın mühəndisləri tərəfindən hazırlanıb. “Ultromics” alqoritmi infarkt əlamətləri və ağ ciyər xərçənginin aşkara çıxarılmasından əlavə, şəkillərdəki ən xırda detallara da diqqət yetirir. Buna görə də o, digər xəstəliklərin aşkara çıxarılmasında da kömək edə biləcək.
Həkimlər arasında səhv diaqnozun qoyulması hallarına tez-tez rast gəlindiyinə görə, istehsalçılar öz alqoritmini tibbi müəssisələrə pulsuz təqdim edəcəklər. BBC-nin məlumatına əsasən, hər il orta statistik xəstəxanalarda hazırlanan 60 000 şəkildən 12 000-i yanlış diaqnozun qoyulması ilə nəticələnir.
Sınaqların nəticələri hələ dərc edilməsə də, proqram təminatı yoxlanılma mərhələsindədir. Həkimlər bildirirlər ki, süni intellekt şəkillər üzrə diaqnozların qoyulmasının öhdəsindən insanlardan daha yaxşı gəlir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.