Avtomobillər Volvo serverlərinin köməyilə yollardakı vəziyyət haqqında informasiya əldə edəcəklər
"Volvo" avtomobil şirkəti "Drive me" layihəsi çərçivəsində, 2017-ci ildə yollara 100 özü idarə olunan avtomobil buraxmağı planlaşdırır. Avtomobilin ilk prototipləri İsveçin Heteborq şəhərinin küçələrində sınaqdan keçirilir. Sınaq avtomobilləri sürətli şose və böyük tıxacların müşahidə olunduğu ərazilər də daxil olmaqla sıx gediş-gəlişli yollarla hərəkət edirlər.
"Computerworld" jurnalının məlumatına görə, bu avtomobillər ətraf mühiti radiolokator, kamera və lazer skanerləri vasitəsilə izləyirlər. Radar və kameralar yol hərəkətlərinin monitorinqini aparır. Yerləşmə məkanını təyin etmək üçün isə GPS naviqatorundan istifadə olunur.
"Son məqsədimiz ondan ibarətdir ki, idarəetmə zamanı sürücü sükanı buraxaraq başqa işlərilə məşğul olsun və bu müddətdə avtomobil lazımi hərəkətləri özü yerinə yetirsin" - şirkət mütəxəssisi Erink Kelinq belə deyib.
O, "Biz yol hərəkətlərinin təhlükəsizliyini təhlil edirik. İdarəetməni avtomatlaşdırmaqla, bir çox yol qəzalarının səbəblərini aradan qaldırmağa, eyni zamanda təhlükəsizlik səviyyəsini yüksəltməyə nail olacağıq" fikrini əlavə edib.
"Volvo"dan bildiriblər ki, digər layihələrdən, məsələn, "Google" şirkətinin robot-avtomobillərindən fərqli olaraq, bu layihədə bütün "əsas oyunçular" iştirak edəcək: qanunverici hakimiyyət, nəqliyyat idarəetməsi, şəhərin administrasiyası, avtomobil istehsalçıları və alıcıları. Qeyd edək ki, Heterborqun əhalisinin sayı təxminən 500 min nəfərdir.