“İnformasiya təhlükəsizliyinin aktual problemləri” mövzusunda keçirilən III respublika elmi-praktiki seminarı öz işini uğurla başa çatdırdı.
Tədbirin bağlanış mərasimində seksiya iclaslarının sədrləri çıxış edərək konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, ölkədə informasiya təhlükəsizliyi sahəsində mövcud problemlərin həlli və yüksəkixtisaslı kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.
Sonra çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev seksiya iclaslarında təqdim olunmuş məruzələri yüksək qiymətləndirərək Əşyaların İnterneti, Big Data, bulud texnologiyaları, proqram mühəndisliyi, elektron elm və digər sahələrdə informasiya təhlükəsizliyi problemlərinə dair tədqiqatların dərinləşdirilməsini tövsiyə etdi.
“İnformasiya təhlükəsizliyi ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir”, – deyə bildirən akademik R.Əliquliyev bu sahənin aktual problemlərinə dair aparılan araşdırmalar və əldə olunan nəticələrə ictimaiyyətin diqqətinin cəlb edilməsinin vacibliyini vurğuladı.
Alim tədbirdə müzakirə olunan məsələlərin əsas etibarilə, informasiya təhlükəsizliyinin texnoloji problemlərinə həsr olunduğunu qeyd edərək bu sahədə tədrisin keyfiyyətinin artırılması, kadr potensialının gücləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyini önə çəkdi.
Sonda qeyd olunanları nəzərə almaqla seminarın qərar layihəsinin hazırlanması təklif olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.