Çinin “SpeakIn” startapının yaradıcıları insanı səsinə görə tanıyan sistem üzərində işləyirlər. Texnologiya insanın səsinin unikal xarakteristikalarını müəyyən edir və onları səslərin məlumat bazası ilə qarşılaşdırır. Sistemə insanı müəyyən etmək üçün cəmi bir neçə saniyə lazımdır.
hightech.fm saytının məlumatına görə, “səs izləri” tamamilə fərdiləşdirilib və əlavə bioloji identifikator kimi xidmət edə bilər. Texnologiya ilk növbədə təhlükəsizlik sistemlərinin yaradılması üçün faydalı olacaq. Məsələn, o, cinayətkarları tanıya və izləyə biləcək: bank soyğunçusu sifətini maska arxasında gizləyə biləcək, lakin onun səsini təhrif etməsi çox çətin olacaq. Hazırda “SpeakIn” səslərin məlumat bazasının yaradılması üçün Çin polisi ilə sıx əməkdaşlıq edir.
Bildirilib ki, şirkət tərəfindən yaradılmış texnologiyanın dəqiqliyi 98 faiz təşkil edir. Polis və hökumət tərəfindən istifadə ilə yanaşı, sistem “ağıllı” ev proqramlarında, həmçinin avtomobillərin işə salınması və ya istifadəçilərin avtorizasiyası üçün tətbiq edilə bilər. Hazırda bir çox qurğular səs komandalarına reaksiya verir, lakin onlarla kimin danışdığını müəyyən edə bilmir. “Səs izləri”ni tətbiq etməklə, onlara bunu öyrətmək olar. Nəticədə, məsələn, televizor hər bir istifadəçi üçün müəyyən kanalı qoşacaq. Uşaq valideynin icazəsi olmadan avtomobili səs komandası ilə işə salmaq istəyərsə, sistem onu səsinə görə tanıyacaq və əməliyyatın qarşısını alacaq.
“SpeakIn” artıq bir sıra böyük investorları cəlb etməyə nail olub. Hazırda şirkətlə “Lenovo”, “Tencent”, “Asus”, “China Merchants Bank” və adı açıqlanmayan avtomobil istehsalçısı əməkdaşlıq edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.