Yaponiyanın “Toyota” şirkəti dünyada ən böyük avtomobil istehsalçılarından biri kimi tanınır. Lakin son zamanlar korporasiya robot istehsalı ilə də maraqlanır. Bu yaxınlarda sözügedən şirkət kosmosun fəthində istifadə edilə bilən “T-HR3” adlı insanabənzər robotunu təqdim edib.
hi-news.ru saytının məlumatına görə, robot yalnız kosmik məkanda deyil, həm də Yer kürəsində fəlakət, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında, son dərəcə aşağı və yüksək temperatura malik, həmçinin yüksək radiasiyalı ərazilərdə tətbiq oluna bilər.
“T-HR3” robotunu idarə etmək üçün virtual reallıq texnologiyasından istifadə olunur. Operator əmrlər vermək üçün xüsusi kresloya əyləşməli və virtual reallıq şlemindən istifadə etməlidir. Bundan sonra robot kreslodakı insanın bütün hərəkətlərini təkrarlamağa başlayır. Kresloya qurulmuş xüsusi qəbuledicilər operatorun bütün hərəkətlərini dəqiqliklə qeydə alır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.