Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası arasında əlyazmaların rəqəmsallaşdırılmasına dair müqavilə imzalanıb

03 İyun 2014 - 10:00 | Mühüm hadisələr
Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası arasında əlyazmaların rəqəmsallaşdırılmasına dair müqavilə imzalanıb

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliya səfəri çərçivəsində Vatikan Apostol Kitabxanası ilə tanış olub. 

Fondun rəsmi saytında bildirilənə görə, səfər çərçivəsində Mehriban Əliyeva və kitabxananın direktoru Jan Lui Bruqes 2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və rəqəmsallaşdırılmasına dair yeni müqavilə imzalayıblar. 

Vatikan Apostol Kitabxanasının əsası 1475-ci ildə qoyulub. Burada tarixin müxtəlif dövrlərinə aid 1 milyondan artıq kitab saxlanılır. 2007-ci ilin iyulunda bağlanan kitabxana 2010-cu ilin sentyabrında yenidən ziyarətçilər üçün açıq elan olunub. 2014-cü ilin martından kitabxanada olan 3 mindən artıq nüsxənin rəqəmsallaşdırılmasına başlanılıb. Bu prosesin 4 il ərzində həyata keçirilməsi nəzərdə tutulur. 

Mehriban Əliyevaya kitabxananın fəaliyyəti və texniki imkanları haqda məlumat verilib. Kitabxanada mövcud olan bir çox əlyazmalar, o cümlədən Azərbaycana və regiona aid müxtəlif əlyazmalar Fondun dəstəyi ilə bərpa olunmaqdadır. Birinci mərhələdə 48, ikinci mərhələdə 16 əlyazma bərpa olunacaq. Üçüncü mərhələdə isə 11 əsərin bərpası həyata keçiriləcək. 

Mehriban Əliyevaya 50-yə yaxın qədim əlyazmanın bərpa olunmuş variantları təqdim edilib. 

Kitabxananın tərkib hissəsi olan Vatikan Məxfi Arxivi XVII əsrin əvvəllərində kitabxanadan ayrılaraq, müstəqil bir qurum kimi fəaliyyət göstərməyə başlayıb. Arxivdə 150 min nüsxə mövcuddur. 2012-ci ildə Arxivdə Azərbaycana aid saxlanılan sənədlərin surəti ölkəmizə təqdim olunub. Ümumilikdə, Vatikanın Apostol Kitabxanasında Azərbaycana aid 60 qədim əlyazma aşkarlanıb. Bu sənədlər IX əsrdən XVIII əsrədək olan dövrü əhatə edən nadir əlyazmalardır. Onların arasında Nizami, Füzuli, Nəsimi və digər dünya şöhrətli Azərbaycan şair və mütəfəkkirlərinin nadir əlyazmaları, eləcə də indiyədək ölkəmizdə məlum olmayan bir çox orta əsr alimlərinin elmin müxtəlif sahələrinə aid qiymətli əsərləri var.