AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə açan institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev gündəlikdə duran məsələ haqqında məlumat verdi. O, son dövrlərdə AMEA-da yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirildiyini və multidistiplinar yanaşmalara xeyli diqqət ayrıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, belə istiqamətlərdən biri də İnternet coğrafiya ilə əlaqədar olan problemlərin öyrənilməsidir. Burada İnternetə, İKT-yə əhalinin ciddi ehtiyac duyduğu resurs və xidmət növü kimi baxılaraq onun coğrafi və regional xüsusiyyətləri öyrənilir.
Sonra institutun elmi əməkdaşı Xalidə Həsənova "İnternet coğrafiyanın predmeti, mahiyyəti, problemi" adlı məruzəsini təqdim etdi. Öncə bu sahəyə dair əsas anlayışları qeyd edən X.Həsənova İnternet istifadəçilərin coğrafi regionlar üzrə paylanması haqqında məlumatları diqqətə çatdırdı.
İnternetin paylanması nəzəriyyələri barədə danışan məruzəçi, uzun dalğalar və ya innovasiyalar nəzəriyyəsi, diffuziya və ya innovasiyaların diffuziya nəzəriyyəsi haqqında məlumat verdi. Bildirdi ki, İnternet coğrafiyaya IP ünvanların coğrafiyası, sosial şəbəkələrin coğrafiyası, internet mühitdə linqvistik coğrafiya, virus istehsalçılarının coğrafiyası və s. aiddir.
Linqvistik coğrafiyadan danışan X.Həsənova qeyd etdi ki, İnternet istifadəçilərinin 36%-i ingilis dilində danışır, veb-saytların əsas dilləri ingilis, rus, alman dilləridir. Vikipediada olan məqalələrin əksəriyyəti isə ingilis, holland və alman dillərindədir.
Məruzəçi, həmçinin iqtisadi rayonlar üzrə göstəricilər, coğrafi informasiya sistemlərinin tətbiqilə regionlarda İnternetə çıxış imkanı ilə təminatın xəritələşdirilməsi nümunəsi və internet coğrafiya sahəsində fəaliyyət göstərən alimlər haqqında məlumatları seminar iştirakçılarının nəzərinə çatdırdı.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.