Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Yeni media və yeni çağırışlar” mövzusunda konfrans keçirildi. Əsas məqsəd "İnternet medianın inkişaf tendensiyası və perspektivlər” və “Sosial mediadan informasiya əldə edilməsi və informasiyaların yayılmasında effektiv istifadə imkanları” mövzuları üzrə müzakirələrin aparılması idi.
Konfransda mətbuat xidmətləri və İnternet media qurumlarının rəhbərləri, İnternet biznes sahəsinin nümayəndələri, yeni media mütəxəssisləri və ekspertlər iştirak edirdilər.
Mətbuat Şurası və Multimedia Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov konfransın aktuallığını qeyd edərək, son dövrlərdə ölkədə İnternet medianın sürətlə inkişaf edən sahələrdən olduğunu bildirdi, onun inkişaf dinamikası ilə bağlı statistik göstəriciləri diqqətə çatdırdı.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev çıxış edərək ölkədə İKT-nin inkişafı istiqamətində qəbul edilən sərəncam və fərmanlar, dövlət proqramlarından söz açdı. Bildirdi ki, ölkə Prezidentinin imzaladığı "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın əsas hədəfləri ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin inkişafı üçün səmərəli istifadə edilməsi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqidir.
Azərbaycan İnternet Forumunun prezidenti və Multimedia Mərkəzinin direktoru Osman Gündüz gündəlikdə duran məsələlərin əhəmiyyətini vurğulayaraq ölkədə İnternet medianın hazırkı inkişaf səviyyəsindən söz açdı. Məruzəçi İnternet mediaya dövlət dəstəyinin vacibliyini önə çəkərək, ölkədə bu sahə ilə bağlı inkişaf perspektivlərindən danışdı.
Müzakirələrdə Mətbuat Şurasının Komissiya sədri Elnur Baimov, media eksperti Ələsgər Məmmədli, MediaForum-un Baş redaktoru İsmayıl İsmayılov, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı və digər KİV nümayəndələri çıxış edərək sosial mediada reklam, yeni medianın tədrisi, xəbər resurslarında monitorinq, hökumət və vətəndaş münasibətlərində sosial media, İnternetdə müəllif hüquqları və s. mövzular ətrafında fikir mübadiləsi apardılar, sual və təkliflər səsləndirdilər.