Kiçik ultrasəsli müayinə aparatı hazırlanıb

30 Oktyabr 2017 - 15:24 | Texnoloji yeniliklər
Kiçik ultrasəsli müayinə aparatı hazırlanıb

Son zamanlar tibb sahəsində istifadə olunmağa başlayan smartfonlar artıq dəri xərçəngi və beyin silkələnməsi kimi xəstəlikləri aşkarlaya bilir. Kiçik cib kompüterlərinin böyük gücü mühəndislərə onların iriölçülü analoqlarını əvəzləyən daşınan texnoloji qurğular hazırlamağa imkan verir. Bu yeniliklərdən biri də ağ-qara təsviri birbaşa smartfon ekranında əks etdirən kiçik “Butterfly iQ” ultrasəsli müayinə aparatıdır.

naked-science.ru saytının məlumatına görə, ultrasəsli müayinə qurğuları üzrə texnologiyaların sürətlə inkişaf etməsi onların həm ölçüsünü, həm də qiymətini azaltmağa imkan verir. Lakin ultrasəsli müayinə aparatları üçün böyük vəsait tələb olunur. Belə ki, yüksək təsvir ölçüsünə malik görüntülər yaradan ən yaxşı modellərin qiyməti 100 min dolları ötür. Tibbi ultrasəsli qurğular bazarının liderlərindən biri hesab edilən “Philips” şirkəti bu yaxınlarda qiyməti 6 min dollar təşkil edən portativ skaner təqdim edib. Bu bazarı daha da canlandıracaq yeni “Butterfly iQ” qurğusunun qiyməti isə təxminən 2 min dollar olacaq. Qiymətinin yüksək olmaması portativ skanerdən yalnız tibbi müəssisələrin deyil, eyni zamanda ayrı-ayrı həkimlərin istifadəsinə imkan yaradır. Beləliklə, “Butterfly iQ” həkimlərin diaqnostik alətlər dəstinə daxil olan növbəti qurğu olacaq.

Qurğu bütün orqanizmi əhatə edən abdominal və ginekoloji müayinələrdən ürək və ya uroloji tədqiqatlaradək 13 müxtəlif kliniki tətbiq üçün təsdiq edilib. Lakin aparatdan hələ ki, yalnız səhiyyədə lisenziyalı təcrübə keçən şəxslər yararlana bilərlər.

Qeyd edək ki, cari ilin əvvəlində “Butterfly iQ” qurğusunu sınaqdan keçirən ürək-damar cərrahı Con Martin gözlənilmədən öz boynunda xərçəng xəstəliyini aşkar edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.