Elektron tibb mühitində qərarların qəbul olunmasını dəstəkləyən model və metodlar tədqiq olunur

30 Oktyabr 2017 - 12:26 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin 2017-ci il üzrə hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova cari ildə şöbədə süni intellekt, sosioinformasiya texnologiyaları və e-tibb istiqamətində e-tibb mühitində qərarların qəbul olunmasının dəstəklənməsinə mövcud yanaşmaların, metod və vasitələrin analiz olunduğunu, tibb-mütəxəssislərinə tələb və təklifin uyğunlaşdırılması üzrə qərarların qəbulunu dəstəkləyən metodların işlənildiyini, əhalinin sağlamlığını təyin edən faktorların və onların ölkənin tibbi təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi metodlarının analiz olunduğunu, e-tibb mühitində sosial medianın imkanlarının, risk faktorlarının müəyyənləşdirildyini və qərarların qəbulu prosesinə təsirinin təhlil olunduğunu, əldə olunan nəticələrin nüfuzlu jurnallarda dərc olunan məqalələrdə, beynəlxalq və respublika səviyyəli məruzə və tezislərdə əksini tapdığını bildirdi.

Professor Məsumə Məmmədova sosial tibbi-demoqrafik proseslərin analizinə əhəmiyyətli təsir göstərən faktorların və əhalinin sağlamlığı haqqında informasiya mənbələrinin müəyyənləşdirilməsi və sistemləşdirilməsi, habelə  sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasında sosial medianın rolunun təyini istiqamətində tədqiqatların davam etdirildiyini nəzərə çatdırdı.

Alim bildirdi ki, hesabat ilində insan resurslarının idarə olunmasında qərarların qəbulunun  intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənməsi mövzusu üzrə aparılan tədqiqatların elmi-nəzəri nəticələri sistemləşdirilmiş, ümumiləşdirilmiş və iş elmlər doktorluğu elmi dərəcəsi almaq üçün təqdimata hazırlanmışdır. Şöbədə əmək bazarında İT mütəxəssislərə tələb və təklifin intellektual idarə olunması istiqamətində də aparılan tədqiqatların yekunlaşdığını, müvafiq mövzuda dissertasiya işinin fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün təqdimata hazırlandığını söyləyən şöbə rəhbəri hər iki işin şöbə seminarında ilkin müzakirəsinin keçirildiyini  bildirdi.

Şöbə rəhbəri elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənilməsi üzrə cari ildə e-universitetin idarə olunması modelləri, e-universitetdə öyrənənin biliklərinin qiymətləndirilməsi metodlarının işlənildiyini və tədqiqatların davam etdirildiyini bildirdi.

M.Məmmədova şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işləri diqqətə çatdırdı. O, bildirdi ki, cari ildə şöbə əməkdaşları tərəfindən elmi-ekspertiza fəaliyyəti həyata keçirilmiş, 14 jurnal və konfrans materialına, bir kitaba  rəy hazırlanmış, bir dissertasiya işinə oppenentlik reallaşdırılmışdır. Şöbə əməkdaşlarının elmi fəaliyyəti haqqında məlumatlar “Vikipediya” və “Google Scholar”da yerləşdirilib, viki-mühitdə İKT ilə əlaqədar ensiklopedik məqalələrin  yığılması, genişləndirilməsi və hazır kontentin üzərində redaktə işləri yerinə yetirilmişdir.

Şöbə müdiri hesabat ili ərzində tanınmış elmi jurnallarda 14 məqalənin nəşr olunduğunu, 5 beynəlxalq və 5 respublika səviyyəli nüfuzlu konfransda 10 məruzə ilə iştirak edildiyini söylədi. Həmçinin elmmetrik göstəriciləri təqdim edərək cari ildə şöbə əməkdaşlarının impakt faktorlu jurnallarda, beynəlxalq bazalarda (SCOPUS, DBLP və s.) indeksləşən jurnallarda çap olunan məqalələrinə 24 dəfə istinad olunduğunu qeyd etdi.

Professor M.Məmmədova e-tibbin formalaşması istiqamətində aparılan tədqiqatların nəticələri əsasında “Elektron tibb: formalaşması və elmi-nəzəri problemləri” adlı monoqrafiyanın hazırlandığını bildirdi.

Şöbənin beynəlxalq elmi əməkdaşlığından danışan M.Məmmədova 2017-ci ildə Mexiko Milli Avtonom Universiteti, Türkiyə Selcuk Universiteti, Avropa  Komissiyasının Avropa Təhsil Fondu  ilə əməkdaşlıq münasibətlərinin qurulduğunu bildirdi.

O, şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.

Hesabata dair fikir mübadiləsi aparıldı, şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.