İngilislər qarşıdakı 100 ildə ən arzu edilən ixtiraları sadalayıblar

23 May 2014 - 14:00 | Texnoloji yeniliklər
İngilislər qarşıdakı 100 ildə ən arzu edilən ixtiraları sadalayıblar

“Philips” şirkəti orta statistik əhalinin böyük səbirsizliklə gözlədiyi ixtiraları müəyyən etmək üçün sorğu keçirib. Bununla bağlı Böyük Britaniyada min nəfərin fikri öyrənilib. 

Sorğunun nəticələrindən məlum olub ki, respondentlərin üçdə ikisi qarşıdakı 100 ildə insanı istənilən xəstəlikdən xilas edəcək “universal həb”in yaradılmasını arzuladığını bildirib. İştirakçıların 20%-i tibbdə mühüm nailiyyətlərin əldə olunması naminə kompüter, televizor və qulaqcıqlardan imtina etməyə razı olduğunu söyləyib. Digər bir qisim isə qadjetlərdən imtina etməyə hazır olmadığını, lakin saç tökülməsinin, dazlaşmanın əleyhinə effektiv vasitələrin yaradılacağına ümid etdiyini deyib. 

Respondentlərin cəmi 2%-i evlərində köməkçi-robotların xidmətindən istifadə etmək istədiklərini bildiriblər. İştirakçıların bəziləri isə insanı müxtəlif dövrlərə apara biləcək zamanın maşınının yaradılmasını arzulayır. Arzu edilən innovasiyalar içərisində avtopilotla təchiz edilmiş maşınlar da yer alıb. Əgər nəzərə alsaq ki, bu kimi aparatlar hazırlanma mərhələsindədir və artıq küçələrdə peyda olur, o zaman bu “sifariş”in digərlərindən daha asan yerinə yetiriləcəyini demək olar. 

newsru.com saytının məlumatına görə, sorğu iştirakçılarından həmçinin ötən əsrdə yaradılmış hansı ixtiraların daha mühüm olduğunu söyləmək də xahiş edilib. Birinci yerdə gözlənildiyi kimi İnternetin, ikinci yerdə isə laparoskopiyanın (müasir cərrahiyyə üsuludur, əməliyyat daxili orqanlarda kiçik dəlik vasitəsilə aparılır) adı çəkilib. Respondentlərin 33%-i elektrik kardiostimulyatorunu vacib ixtira adlandırıb. Beşliyə smartfon və televiziya da daxil olub. 

Müşahidəçilər sorğunun nəticələrini maraqla qarşılayıblar. Qeyd edilib ki, hər iki halda iştirakçılar öz seçimlərini sağlamlıqla əlaqəli olan ixitra və texnologiyaların üzərində saxlayıblar. Belə bir ciddi tələbat həyat səviyyəsinin artırılması, ətraf mühitdəki dəyişikliklər və insanların öz sağlamlığına ayırdığı diqqət artımı ilə izah olunur.