“Gənclər və elmi-texniki tərəqqi” konfransında əməkdaşlıq perspektivləri müzakirə olunub

23 May 2014 - 12:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyev Azərbaycan Texniki Universitetində (AzTU) keçirilmiş tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi-texniki tərəqqi” respublika konfransının işində iştirak etmişdir. AzTU-nun rektoru, professor Havar Məmmədovun sədrlik etdiyi konfransın plenar iclasında müxtəlif mövzularda elmi məruzələr dinlənilib. 

Universitetin “Avtomatika və kompüter texnikası” və “Mühəndis biznesi və menecment” bölmələrinin gənc alimləri, mütəxəssisləri və magistrlərinin iştirak etdiyi iclasda çıxış edən dosent Əlövsət Əliyev İnformasiya Texnologiyaları İnstitutunda aparılan müasir araşdırmalar və gənclərin elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaları üçün yaradılan şərait haqqında danışıb. 

Ə.Əliyev konfrans iştirakçılarına, institutda AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyələşdirilən “Azərbaycanda innovativ informasiya iqtisadiyyatının formalaşmasının analizi və inkişafı üzrə tövsiyyələrin işlənilməsi” layihəsi və onun yerinə yetirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib. 

Konfrans çərçivəsində Dosent Ə.Əliyev AzTU-nun rektoru, professor H.Məmmədovla da görüşüb. Görüşdə prof. H.Məmmədova institutun direktoru, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvi, professor Rasim Əliquliyevin AzTU ilə bağlı arzu və təklifləri çatdırılıb. Həmçinin birgə konfrans və seminarların təşkili, universitetin doktorant və dissertantlarına informatikanın tədrisi, birgə elmi layihələrin həyata keçirilməsi və s. ilə bağlı əməkdaşlığa dair müzakirələr aparılmıb. 

H.Məmmədov AzTU-nun əsas fəaliyyət istiqamətləri, maddi-texniki bazası, İKT ilə təminatı vəziyyəti haqqında məlumat verib. Bildirib ki, birgə innovativ layihələrdə iştirak və davamlı əməkdaşlıq hər iki qurumun gələcək fəaliyyətinin daha səmərəli təşkilində mühüm rol oynayacaq.