AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov “Əşyaların İnterneti: mahiyyəti və perspektivləri” adlı məruzəni təqdim etdi. O, Əşyaların İnternetinə (Əİ) dair baxışlar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Əİ dedikdə vahid şəkildə müəyyənləşdirilmiş obyektlər və onların İnternet tipli sturkturlarda virtual əks etdirilməsi nəzərdə tutulur. “Cisco” şirkətinin texnologiya analitikləri isə Əİ-ni İnternet vasitəsi ilə daxil oluna bilən fiziki obyektlərin şəbəkəsi kimi təyin edir.
Sonra M.Həşimov Əİ-nin yaranması və inkişafı tarixindən danışdı. Qeyd etdi ki, 1982-ci ildə “Coca-Cola” şirkəti bir eksperiment həyata keçirərək istehsal etdiyi içkilərin satışı üçün şəbəkəyə qoşula bilən vendinq qurğusu hazırlamışdı. Dünyada ilk dəfə yaradılan bu qurğu status, içki qutularının sayı və temperaturu haqqında məlumatları ötürürdü.
O, Əİ-də istifadə olunan standartlar barədə ətraflı məlumat verdi. Bildirdi ki, radiotezlik identifikasiyası (RFİD) radiosiqnallar vasitəsi ilə RFID-çiplərdə saxlanılan məlumatların yazıldığı və ya oxunduğu obyektlərin avtomatik identifikasiyası texnologiyasıdır. Həmçinin Əİ-nin sənaye, səhiyyə, nəqliyyat və digər tətbiq sahələrinin olduğunu vurğuladı.
Məruzəçi Əİ-də standartlaşdırma, ünvanlaşdırma, təhlükəsizlik problemləri haqqında da danışdı. Bildirdi ki, bütün digər innovativ sahələrdə olduğu kimi, bu sahədə də standartlaşdırma məsələləri hələ öz həllini tapmayıb. Onun geniş yayılması üçün, ilk növbədə, standartlaşdırma məsələlərinin həlli tələb edilir. İnternetə qoşulan hər bir əşya, predmet unikal İP-ünvana malik olmalıdır. İnformasiya təhlükəsizliyi, fərdi məlumatlar, intellektual mülkiyyət hüquqlarının qorunması kimi məsələlər həll edilmədən bu şəbəkənin uğurlu fəaliyyəti mümkün deyil.
Daha sonra bildirdi ki, “International Data Corporation”nın məlumatına əsasən, 2016-cı ildə Əşyaların İnterneti sahəsində qlobal avadanlıq, servis, proqram təminatı və kommunikasiya texnologiyalarının satışı 737 milyard dollar təşkil edib. Yaxın illərdə bazarın illik artımının orta hesabla 15,6 faizə çataraq, 2020-ci ildə 1,29 trilyon dollar olacağı gözlənilir.
Sonda məruzəçi Əİ sahəsində keçirilən konfranslar və dərc olunan jurnallar haqqında danışdı. Əİ-nin “Cisco” şirkətinin əşyalarının artım proqnozunun, İnternet və bulud texnologiyalarının sxemini, bu sahədəki şirkətlər və sensorların adlarını təqdim etdi.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.