Azərbaycanda e-xidmətlərin qiymətləndirmə meyarları araşdırılır

05 Oktyabr 2017 - 10:20 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin İctimaiyyətlə əlaqələr şöbəsi ilə birgə növbəti elmi seminarı keçirildi. Seminarda “Azərbaycanda elektron xidmətlərin qiymətləndirmə meyarları haqqında” məruzə dinlənildi.

İnstitutun doktorantı Aynur Qurbanlı məruzəni təqdim edərək işin aktuallığı, qarşıya qoyulan məsələlər, elektron xidmətlərin (e-xidmətlərin) qiymətləndirilməsi, dövlət orqanlarında e-xidmətlərin təşkili və göstərilməsi vəziyyəti, qiymətləndirmə meyarları, e-xidmətlərin təşkilində rast gəlinən çatışmazlıqlar, xidmətlərin təşkili və göstərilmə vəziyyəti haqqında ətraflı məlumat verdi. 

Mövzunun aktuallığından danışan məruzəçi qeyd etdi ki, vahid fərdi identifikasiya nömrəsinin olmaması, məlumatların interaktiv formada əldə edilməməsi, intellektual analiz metodlarının təkmilləşdirilməməsi əsas problemlərdəndir.

A.Qurbanlı bu sahədə e-xidmətlərin həyata keçirilməsi zamanı vahid sistemin yaradılması yollarının tədqiqi, dövlət orqanlarında inteqrasiyanın təmin olunması məqsədilə vahid bulud texnologiyasının tətbiqi, həmçinin fərdi identifikasiya nömrəsinin bütün xidmətlərin həyata keçirilməsində istifadəsi üçün metod və alqoritmlərin işlənilməsinin qarşıya qoyulmuş əsas məsələlərdən olduğunu dedi.

Məruzəçinin sözlərinə görə, qiymətləndirmənin müəyyən məqsədləri vardır ki, buraya xidmətlərin təşkili və göstərilməsi ilə bağlı cari vəziyyət və görülən işlərin öyrənilməsi, dövlət orqanlarında inteqrasiyanın təmin olunması məqsədilə vahid bulud texnologiyasının tətbiqi, e-xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və başqaları aiddir.

Sonra A.Qurbanlı dövlət orqanlarında e-xidmətlərin təşkili və göstərilməsi vəziyyətindən danışdı. Bildirdi ki, e-xidmətlərin sayı 2013-cü ildə 439 olduğu halda, 2016-cı ildə 444 olub.

O, həmçinin dövlət orqanlarında e-xidmətlərin təşkili vəziyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, qiymətləndirmə meyarlarına dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi vəziyyəti, informasiya açıqlığı, əlyetərlik və istifadə rahatlığı səviyyəsi aiddir. Qiymətləndirmə məlumatları isə e-xidmətlər və “Elektron hökümət” portalından, həmçinin yerində baxış zamanı əldə olunur.

Məruzəçi elektron xidmətlərin təşkilində rast gəlinən çatışmazlıqlardan da danışdı. Onun sözlərinə görə, sənəd qəbulu zamanı sənədin əsli və ya notarial təsdiq edilmiş surətinin tələb edilməsi,e-sənədin verilməməsi, əksər hallarda nəticə üçün istifadəçilərin dövlət orqanına gəlməsinin tələb olunması, istifadəçilərə təsdiqetmə bildirişinin göndərilməsi ilə bağlı vəziyyətin qənaətbəxş olmaması əsas çatışmazlıqlardır.

Sonda şöbə əməkdaşlarının elmi fəaliyyətinin gücləndirilməsiylə bağlı müzakirələr aparıldı, akademik Rasim Əliquliyev hər bir tədqiqatçının riyazi biliklərinin artırılmasının vacibliyini vurğuladı, müəyyən irad və təkliflərini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.