“LunaR” startap şirkəti Kickstarter platformasında dünyada günəş batareyası ilə işləyən ilk “ağıllı” saatın istehsalı üçün vəsait toplamağa başlayıb.
Müasir “ağıllı” saatlar bir dəfə yüklənmiş enerji ilə orta hesabla bir gün ərzində işləyə bilir. Lakin 1 ay və ya il ərzində avtonom rejimdə işləyə bilən saatlardan söhbət belə gedə bilməz. “LunaR” startap-şirkəti bu problemi həll etmək məqsədilə günəş batareyası əsasında saat hazırlamaq qərarına gəlib.
popmech.ru saytının məlumatına görə, saatlara quraşdırılmış günəş batareyaları təbii və süni işıq ilə işləyə biləcək: gün ərzində bir saat enerji ilə yüklənmə ona kifayət edir. Saatı yenidən yükləmək üçün həmçinin, ənənəvi USB-kabeldən də istifadə etmək mümkün olacaq.
Günəş batareyasından başqa, LunaR həm də standart hibrid smart-saatdır. O, yuxu və ayıqlıq göstəricilərini izləməyə, həmçinin xəbərdarlıqları göstərmək üçün sosial şəbəkə və messencerlərə bağlana bilir. Saatda ekran yox, onun əvəzinə işıq diodu lampalarından ibarət halqa yer alıb. Bundan başqa, LunaR istifadəçinin smartfonunda GPS-dən istifadə edərək lazımi saat qurşağını avtomatik seçə bilər.
Startap 50 000 dollar toplamağı hədəf kimi müəyyənləşdirsə də, artıq 100 000 dollara nail olub. LunaR-la layihənin Kickstarter platformasında yerləşdirilmiş rəsmi səhifəsində tanış olmaq mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.