“Ağıllı” zavod tikiləcək

29 Sentyabr 2017 - 16:02 | Maraqlı məlumatlar
“Ağıllı” zavod tikiləcək

“LG Electronics” şirkəti Cənubi Koreyada 600 milyard von (525 milyon dollar) dəyərində zavodun inşa edilməsi ilə bağlı planları haqqında məlumat verib. Zavodun işində süni intellekt və Əşyaların İnterneti texnologiyalarından istifadə olunacaq.

3dnews.ru saytının məlumatına görə, ümumi sahəsi 336 min kv.m olacaq zavodun tikintisinin 2023-cü ildə başa çatdırılması güman edilir. Zavod Çxanvonda müxtəlif qurğular istehsal edən şirkətin zavodunun yerində fəaliyyətə başlayacaq. Zavodun fəaliyyətinin bütün mərhələlərini vahid sistem idarə edəcək. Süni intellekt hər bir mərhələnin arasındakı vaxtı azaldaraq bütün istehsal prosesinə (istehsalın planlaşdırılmasından avadanlığın istismarına qədər) avtomatik nəzarət edəcək.

Soyuducu, soba və digər mətbəx sistemlərini istehsal edən mövcud zavod 6 binada yerləşdirilib. “LG” Çində artan rəqabət şəraitində qələbə qazanmaq üçün bu zavodun genişləndirilməsinin kifayət etməyəcəyi qənaətinə gəlib. Buna görə də şirkət yeni zavod inşa edəcək. Bunun sayəsində istehsal əhəmiyyətli dərəcədə artacaq. İstehsalat 2021-ci ildən başlayaraq, tədricən yeni obyektə köçürüləcək.

Britaniyanın “Euromonitor International” tədqiqat şirkətinin məlumatlarına əsasən, “LG Electronics” dünyanın ən böyük dördüncü soyuducu və paltaryuyan maşın istehsalçısıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.