17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür. Hər il bütün demokratik ölkələrdə, o cümlədən respublikamızda da bu əlamətdar günə həsr olunmuş tədbirlər keçirilir.
İnformasiya cəmiyyətinin əsas məqsədi yaşından, dilindən, dinindən, irqindən, sosial və siyasi mənsubiyyətindən, həmçinin zaman və məkandan asılı olmayaraq, bütün insanların informasiya, bilik tələbatını ödəməkdən, onların arasında sosial kommunikasiya mühiti yaratmaqdan, bilik və düşüncələrini ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Qeyd edək ki, cari ildə bu gün “Dayanıqlı inkişaf naminə genişzolaqlı şəbəkə” devizi ilə qeyd olunur.
Müasir dövrdə bütün dünyada olduğu kimi, ölkəmizdə də minilliyin ideologiyası olan informasiya cəmiyyəti quruculuğu prosesi uğurla həyata keçirilir. Bu sahədə artıq bir sıra nailiyyətlər əldə edilmiş, mühüm layihələr həyata keçirilmişdir. Cari il aprel ayının 2-də AR Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nı təsdiq etməklə bu sahədə növbəti mərhələnin əsasını qoymuşdur.
İKT infrastrukturu və xidmətləri, yüksək texnologiyalar sektorunun inkişafı, yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi, “elektron hökumət”in inkişafı, informasiya təhlükəsizliyinin təmin edilməsi, milli kontentin inkişaf etdirilməsi və s. bu strategiyanın əsas istiqamətləridir.
Mayın 16-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın hədəfləri: problemlər, vəzifələr və perspektivlər” elmi-praktiki konfransının məqsədi də məhz ölkəmizdə həyata keçirilən informasiya cəmiyyəti quruculuğunun elmi-nəzəri, texnoloji, inzibati, hüquqi, iqtisadi, sosial və mədəni aspektlərini müzakirə etməkdir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət rəsmiləri, ölkənin İKT üzrə aparıcı alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə AR rabitə və yüksək texnologiyalar nazirinin müavini, texnika üzrə fəlsəfə doktoru İltimas Məmmədov açaraq "Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğunun 2014-2020-ci illər üçün hədəfləri" mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, 2003-2013-cü illər ərzində İKT sahəsinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilmiş, məqsədyönlü, kompleks və ardıcıl fəaliyyət həyata keçirilmişdir. İ.Məmmədov bu gün ölkəmizdə İKT sahəsi üzrə mühüm nailiyyətlərin əldə olunmasında rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun əvəzsiz xidmətlərini önə çəkərək qeyd etdi ki, məhz cənab nazirin məqsədyönlü fəaliyyətinin nəticəsində son 5 il ərzində ölkənin informasiya texnologiyaları sektoru təqribən 2 dəfə genişlənmiş və orta illik artım tempi 17% təşkil etmişdir.
"Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"dan söz açan məruzəçi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin inkişafı üçün səmərəli istifadə edilməsi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqinin qarşıda duran əsas hədəflərdən olduğunu vurğuladı. Qeyd etdi ki, strategiyada müəyyən edilmiş məqsədlərə çatmaq üçün növbəti on ildə İKT sektorunun həcminin daha da genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi tələb olunur.
Azərbaycanda İKT-nin inkişaf tarixi haqqında məruzə edən AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev Azərbaycan milli rabitəsinin özünəməxsus zəngin inkişaf tarixinə malik olduğunu bildirdi. Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrünün 1970-82-ci illərə təsadüf etdiyini, həmin illərdə respublikaya rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqətin o dövrün rəsmi sənədlərində öz əksini tapdığını diqqətə çatdırdı.
İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi professor Rasim Əliquliyev informasiya cəmiyyətinin formalaşdırılmasının multidistiplinar elmi-nəzəri problemlərindən bəhs etdi. Ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlərdən söz açan alim bu sahəyə xüsusi önəm verildiyini, müvafiq istiqamətdə qəbul olunan dövlət proqramlarının alimlərimiz qarşısında yeni vəzifələr qoyduğunu diqqətə çatdırdı.
Bildirdi ki, informasiya cəmiyyətinin formalaşdırılmasının multidistiplinar problemlərinin araşdırılması müasir dövrün tələbindən irəli gələn məsələdir. Hər bir elmi istiqamət üzrə tədqiqat aparılarsa, meydana çıxan yeni problemlərin riyazi metodların tətbiqilə həlli mühüm elmi nailiyyətlərin əldə olunmasına imkan yaradar. Nitqinin sonunda alim İKT sahəsində mövcud olan elmi problemlərin həlli üçün ölkənin bütün alim və mütəxəssislərini, elmi qurumlarını birgə əməkdaşlığa səslədi.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru Elçin Zeynalov İKT sahəsində sahibkarlığın inkişafı haqqında danışdı. O, innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni innovasiya şirkətlərinin, elm tutumlu və yüksək texnoloji məhsulların yaradılması və onların dünya bazarlarına çıxışına dəstək verən tədbirlərin genişləndirilməsinin vacibliyini önə çəkdi.
Konfransda, həmçinin AMEA Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz, Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov və digərləri çıxış edərək Azərbaycanda İKT sahəsinin inkişaf tarixi, perspektivdə görüləcək işlər, əsas problem, hədəf və vəzifələrdən söz açdılar.
Tədbirin sonunda ali məktəb tələbələri arasında keçirilən informatika üzrə ümumrespublika olimpiadası qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Qaliblərə diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.