“DeepL” şirkəti maşın tərcüməsi sahəsində “Google”, “Microsoft” və “Facebook” kimi nəhəngləri geridə qoymağa nail olub. Belə ki, proqram eyni vaxt ərzində əsas məna yükünü qoruyub saxlamaqla daha dəqiq tərcümə edə bilir.
Avtomatlaşdırılmış tərcüməçinin sınaqlarını keçirən Tech Crunch jurnalistlərinin fikrincə, DeepL məsələnin öhdəsindən Google Translate və Bing ilə müqayisədə daha yaxşı gəlir: “Google Translate daha çox bəzi nüans və idiomları nəzərə almayaraq hərfi tərcüməyə üstünlük verir. DeepL isə adətən peşəkar tərcüməçinin edə biləcəyi daha təbii tərcüməni təklif edir”, – deyə məqalədə bildirilir.
hightech.fm saytının məlumatına görə, DeepL-in sələfi olan Linguee layihəsinin müəllifi Cereon Fralinqdir. O, əvvəllər Google Research-də işləyirdi. Fralinqin komandasında maşın tərcüməsi sahəsində çoxillik təcrübə mövcud idi. Lakin yalnız bir il öncə bu komanda yeni sistemin üzərində ciddi şəkildə işləməyə başladı – onun adı DeepL idi.
“Biz tərcümə üçün yeni ideyalarımızı özündə əks etdirən neyron şəbəkələr yaratdıq”, – deyə Fralinq bildirib. Milyarddan çox tərcümə və sorğudan əldə edilmiş böyük məlumat bazası və şəbəkədə oxşar semantik elementlərin axtarışı metodu yeni modelin təlimi üçün əsaslı təməl olub. Proqramın hesablama gücünü isə İslandiyada yerləşdirilmiş, dünya reytinqində 23-cü yerə sahib olan superkompüter təmin edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.